AQTA Yeni Zelandiyanın təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib
10 İyul 2023 11:35
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Yeni Zelandiyanın İlkin Sənaye Nazirliyinin nümayəndələri arasında onlayn görüş olub.
Görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Yeni Zelandiyanın nümayəndələrinə ətraflı məlumat verilib. Eyni zamanda, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb. Bildirilib ki, yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi dövlətlərdə isə qiymətləndirmə aparılmaqla həyata keçirilir. Bu çərçivədə Yeni Zelandiyadan heyvan mənşəli məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilməsi üçün həmin məhsulların istehsal və emal olunduğu qida obyektləri AQTA tərəfindən təsdiq edilməlidir. Görüşdə bu məsələ ilə bağlı müzakirələr aparılıb.
Sonda Yeni Zelandiyanın səlahiyyətli dövlət qurumunun nümayədələrinin nəzərinə çatdırılıb ki, bu ölkədə fəaliyyət göstərən qida obyektləri Agentlik tərəfindən təsdiq edilmədiyi halda, yüksək riskli qida və yem məhsullarının idxalına 2023-cü ilin 1 avqust tarixindən etibarən məhdudiyyət tətbiq olunacaq. Əlavə olaraq, AQTA-nın müvafiq qərarı barədə Yeni Zelandiyanın səlahiyyətli qurumuna rəsmi məktub ünvanlanıb.
Agentlik ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaqdır.
Oxşar xəbərlər
AQTİS-də idxal və ixrac əməliyyatları ilə bağlı fasiləsiz elektron xidmət davam etdirilir
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin optimallaşdırılması, qida təhlükəsizliyi sahəsində şəffaflığın və hesabatlılığın artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi, həyata keçirilən tədbirlərin operativliyinin və səmərəliliyinin yüksəldilməsi, eləcə də sahibkarların işlərinin asanlaşdırılması məqsədilə daim təkmilləşdirilir. Qeyd edək ki, AQTİS vasitəsilə idxal və ixrac ilə məşğul olan sahibkarlar sistemə fasiləsiz və rahat giriş edir və elektron qaydada müraciət edərək icazə sənədlərini minimum vaxt itkisi ilə əldə edirlər. Həmçinin Agentlik digər müvafiq dövlət qurumları ilə birlikdə təsdiq edilmiş iş rejiminə uyğun olaraq fəaliyyətini davam etdirir. Bundan əlavə, sahibkarlıq subyektləri üçün proseslərin daha çevik və effektiv təşkili sahəsində AQTİS sistemində təkmilləşdirmə işləri davam etdirilir.
İdxal olunan qurudulmuş yemiş və halva məhsullarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Rzayeva Səbinə Mansur qızının Özbəkistandan idxal etdiyi “İmronxon Umarxon Biznes” şirkətinin istehsalı olan 1008 kq qurudulmuş yemiş və “İspanza Oq Kishmish Uzumlari” şirkətinin istehsalı olan 288 kq halva məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb. Məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarların müraciəti əsasında məhsul partiyaları məhv edilib.
İsveçrə mənşəli uşaq qidasında çirkləndirici aşkarlanıb
İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub. Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş