İdxal olunan bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlandı
10 Mart 2025 15:59




“MEDAY” MMC-nin Türkiyədən idxal etdiyi “Vitamin Qrup İlaç Makine Kozmetik Bitkisel Ve Tarım Ürünleri Gıda Turizm Ltd Şti.” müəssisəsinin istehsalı olan 3840 qutu “Herbalfarma Medexsper, Kapsul N30” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (25.04.2024-25.04.2027-ci il istehsal tarixli, 240425 partiya nömrəli) partiyasından AQTA əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, məhsulun tərkibində Vitamin E və Sink Qlükonatın miqdarının normativlərə uyğun olmadığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək məhsul partiyası məhv edilib.
Oxşar xəbərlər

AQTA işğaldan azad olunmuş ərazilərdə fitosanitar monitorinqlər keçirib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şuşa, Ağdam, Laçın, Füzuli, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl və Tərtər rayonlarında fitosanitar monitorinqlər keçirib. Monitorinqlər zamanı laborator müayinələrin aparılması üçün müxtəlif bitkilərdən 38 nümunə götürülüb, zərərvericilərin mövcudluğunu müəyyən etmək məqsədilə 30 ədəd feromon tələ quraşdırılıb. Feromon tələlərin laborator analizi nəticəsində Bərdə, Tərtər və Füzuli rayonlarında asılan tələlərdə karantin tətbiq edilən Şərq meyvəyeyeni aşkarlanıb. Sözügedən ərazilərdə müvafiq fitosanitar tədbirlər həyata keçirilib. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə təsərrüfatların yeni salınması, bitki mühafizə tədbirlərinin koordinasiyalı şəkildə icrası, mövcud fitosanitar vəziyyət və ərazilərin təbii izolyasiya şəraiti (dağlıq relyef, sahələrin bir-birindən məsafəli yerləşməsi və ya ətrafında birillik bitkilərin olması) beynəlxalq standartlara uyğun zərərli orqanizmlərdən azad zonaların yaradılmasına əlverişli imkanlar yaradır. Məqsəd ixrac prosesinin asanlaşdırılması və potensialın gücləndirilməsindən ibarətdir.

Bitkiçilik məhsullarının ixracı və diqqət edilməli məqamlar - Videotəlimat
Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlıq subyektləri məhsul partiyalarını ixraca hazırlayarkən beynəlxalq standartların tələblərinə ciddi əməl etməlidirlər. Xüsusilə qablaşdırma və etiketlənmə zamanı yolverilən səhvlər ixrac prosesinin ləngiməsi, hətta məhsulun geri qaytarılması ilə nəticələ bilər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev sahibkarlara müraciət edərək, ixracla bağlı bir sıra mühüm məqamları diqqətə çatdırıb. O, bildirib ki, sahibkarlıq subyekləri öz məhsullarını ixraca hazırlayarkən yalnız beynəlxalq standartların deyil, həmçinin idxalçı ölkələrin qablaşdırma və etiketlənmə tələblərini nəzərə almalı və ixrac partiyalarını ona uyğun şəkildə hazırlamalıdırlar. Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:

Biləsuvarda “Öz Məkan“ kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, Ələt-Astara magistral avtomobil yolunun 114-cü km-də fəaliyyət göstərən, fiziki şəxs Ağayev Vəkil Mikayıl oğluna məxsus “Öz Məkan“ kafesində yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və kafenin manqal sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
