AQTA “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasında aşkarlanan risklərlə bağlı xəbərdarlıq edir
21 Noyabr 2025 16:33
Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olan rəsmi məlumata əsasən, Amerika Birləşmiş Ştatlarında (ABŞ) “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının istehlakı ilə əlaqədar körpələr arasında botulizm halları qeydə alınıb.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, 2025-ci il 17 noyabr tarixinədək 13 ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı müəyyən edilib və onlar xəstəxanaya yerləşdirilib. Həmçinin ABŞ-də sözügedən məhsulun bütün partiyalarının və bütün qablaşdırma formalarının istifadəsinin dərhal dayandırılması tövsiyə edilib.
Qeyd edək ki, botulizm ağır gedişli, potensial ölümcül xəstəlik olub, adətən Clostridium botulinum bakteriyası ilə çirklənmiş qidalarda formalaşan toksinlərin qəbulu nəticəsində yaranır. Clostridium botulinum bakteriyası oksigensiz mühitdə təhlükəli botulinum toksinlərini ifraz edir. Xəstəlik qəbizlik, iştahsızlıq, halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutma qabiliyyətinin azalması kimi simptomlarla təzahür edir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırma nəticəsində “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlayn platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunması mümkündür. Bu səbəbdən Agentlik xəbərdarlıq edir ki, ölkə daxilində fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi potensial risk yarada bilər.
AQTA tərəfindən mövcud internet informasiya ehtiyatları və digər kommunikasiya alətləri vasitəsilə məhsulla bağlı aşkar olunmuş və potensial təhlükələr, habelə bu təhlükələrdən irəli gələn risklər barədə maraqlı şəxslər məlumatlandırılıb.
INFOSAN tərəfindən əlavə məlumat daxil olduğu təqdirdə, yenilənmiş məlumat ictimaiyyətə təqdim ediləcəkdir.
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
AQTA “Sağlam məktəbli” layihəsini yeni tədris ilində də davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması və gündəlik qida seçimlərində daha diqqətli olmalarına töhfə verməkdir. Yeni tədris ili çərçivəsində növbəti maarifləndirici görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 191 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə təxminən 100-dən artıq şagirdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusu üzrə təqdimatlar keçirilb. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş