AQTA dönərxanalarda keçirilən monitorinqlərin növbəti nəticələrini açıqlayıb
24 Noyabr 2023 14:30
Qida Təhlükəsizliyi Agentliyinə vətəndaşlardan daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrdə paylaşımlar və mediada dərc olunmuş məlumatlar müvafiq qaydada təhlil edilərək, bu sahədə araşdırmaların miqyası daha da genişləndirilib. Agentlik dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlərin növbəti nəticələrini açıqlayıb. Noyabr ayının ilk ongünlüyündə keçirilən monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsində uyğunsuzluq aşkarlanmış aşağıda adları qeyd olunan dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən növbəti plandankənar yoxlamalar həyata keçirilib:
- Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 7A ünvanında fəaliyyət göstərən dönərxana;
- Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində (160 nömrəli marşrut xəttinin son dayanacağı) fəaliyyət göstərən “Kral Dönər”;
- Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 2 ünvanında fəaliyyət göstərən “Stop Dönər”;
- Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 122 ünvanında fəaliyyət göstərən dönərxana;
- Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 74 ünvanında fəaliyyət göstərən "Şaurma" restoranı;
- Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Z.Əliyev küçəsi 27Q ünvanında fəaliyyət göstərən "Doneritto" restoranı;
- Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında fəaliyyət göstərən "Dönər Storm";
- Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Sədərək TM, Zona 3, korpus 15, mağaza 127 ünvanında fəaliyyət göstərən "Ordubad" kafesi.
Yoxlama zamanı qida blokunda çalışan işçi personaldan, qidaların hazırlanması sahələrində səthlərdən, alət və ləvazimatlardan, doğrama lövhələrindən, dönər şişlərindən, “Çiy toyuq əti dönəri”, “Çiy mal əti dönəri”, “Bişmiş toyuq əti dönəri”, “Bişmiş mal əti dönəri” və digər məhsullardan nümunələr götürülüb. Müayinələr nəticəsində “S.Aureus”, “E.Coli”, “Salmonella” aşkarlanıb.
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda qida obyektlərində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.