AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
1 Noyabr 2022 16:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçılara təqdim edilən bir sıra məhsulların enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyənləşdirilməsi üçün monitorinqləri davam etdirir.
Monitorinqlər zamanı ölkəmizdə istehsal olunan və respublikamıza idxal edilən enerji içkilərindən və sərinləşdirici içkilərdən nümunələr götürülərək laborator müayinələr aparılıb. Araşdırmalar nəticəsində aşağıdakı içkilərin də enerji içkisi olmadığı müəyyən edilib:
1. “Caucasus Energy” MMC tərəfindən istehsal edilən “Roarx Gold Punch” – enerji içkisi deyil;
2. “Caucasus Energy” MMC tərəfindən istehsal edilən “Roarx Red Fire” – enerji içkisi deyil;
3. “ENNA” MMC tərəfindən istehsal edilən “Plus Power” – enerji içkisi deyil;
4. “Berg Energy” MMC tərəfindən istehsal edilən “Berg the great Power” – enerji içkisi deyil.
Onu da bildirək ki, AQTA tərəfindən aparılmış ilkin monitorinqin nəticəsinə əsasən, markalanmasında aşkarlanan uyğunsuzluqlarla əlaqədar “A+CO” MMC tərəfindən istehsal olunan “Full Energy” içkisinin ticarət şəbəkələrindən geri çağırılması və məhv edilməsi təmin olunub. Hazırda “Full Energy” içkiləri tələblərə uyğun yeni qablaşdırmada istehsal edilir. Buna baxmayaraq, aparılan təkrar monitorinqlər zamanı “A+CO” MMC tərəfindən oxşar pozuntulara yol verildiyi aşkarlanıb. Belə ki, həmin müəssisədə istehsal edilən “Enershock”un enerji içkisi olduğu təsdiqini tapsa da, enerji içkilərinə dair qanunvericilikdə nəzərdə tutulan markalanma tələblərinin pozulduğu aşkarlanıb. Qeyd edilən halla bağlı müəssisədə zəruri tədbirlərin görülməsinə başlanıb.
Qeyd edək ki, qazlı və alkoqolsuz içkilərin qablarının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan, sanki enerji içkisi olması təəssüratını yaradan ifadələrin yazıldığı aşkarlandıqda, həmin məhsullar və istehsalçı müəssisələrlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür.
AQTA istehlakçıların nəzərinə çatdırır ki, qeyd edilən məhsulların enerji içkisi olmadığını nəzərə alsınlar və müvafiq qabın üzərində yazılan enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar. Agentlik tərəfindən isə ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlər zamanı bu kimi hallar aşkarlandıqda, qanunvericiliyə uyğun ciddi tədbirlərin görülməsi davam etdiriləcək.
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.