AQTA epizootik vəziyyətlə bağlı vətəndaşları diqqətli olmağa çağırır
20 Fevral 2021 13:11
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogen quş qripi xəstəliyinin yayılma arealı sürətlə genişlənməkdədir. Hazırda dünyanın 45 ölkəsində, o cümlədən ölkəmizlə qonşu olan Rusiya Federasiyası, İran İslam Respublikası və Qazaxıstan Respublikasının bəzi inzibati ərazi vahidlərində quş qripi xəstəliyi davam edir. Həmin ölkələrdən 36-da alovlanma ev quşları arasında baş verdiyindən respublikamızın ərazisini sözügedən ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyət tətbiq edilməsilə bağlı müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin yayılma riskini artırır. Bəs bununla bağlı vətəndaşlar hansı qaydalara əməl etməlidir:
- Ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların, həmçinin quşların yemlənməsi üçün istifadə olunan yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;
- Ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın 1003-Çağrı Mərkəzi və regional bölmələri, rayon baytarlıq idarələri və sair.);
- Quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;
- Quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;
- Quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;
- Qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;
- Təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və sair.
Vətəndaşlara epizootik vəziyyətlə bağlı diqqətli olmaq, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmaq, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat vermələri tövsiyyə olunur.
Oxşar xəbərlər

“Top Qapı” restoranının sahibi barəsində inzibati icraata başlandı
Xəbər verildiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağa oğlu 26 ünvanında fəaliyyət göstərən fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb və qida obyektinin mətbəx sahəsinin fəaliyyəti həmin nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Agentlik tərəfindən həmin qərarın icra vəziyyətinin yerində yoxlanılması məqsədilə aparılan baxış zamanı “Top Qapı” restoranının məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərara əməl etmədən və göstərilən nöqsanlar tam aradan qaldırılmadan fəaliyyət göstərdiyi və müəssisədə təmir işlərinin aparıldığı bir vaxtda müxtəlif qidaların emal olunduğu müəyyən edilib. Faktla bağlı sahibkar barəsində qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində Agentliyin qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati icraata başlanılıb və müəssisənin mətbəx sahəsinə nöqsanlar tam aradan qaldırılanadək yenidən müvəqqəti məhdudiyyət tətbiq olunub.

"Şüa" restoranında nöqsanlar aşkarlandı
Fiziki şəxs Mikayılov Elvin Vaqif oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 19 ünvanında fəaliyyət göstərən "Şüa" ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, sanitar-gigiyenik qaydaların gözlənilmədiyi müəssisədə qida məhsullarının saxlanması rejiminə əməl olunmadığı, temperaturun monitorinqinin aparılmadığı, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, mal qonşuluğu prinsipi pozulmaqla saxlanılan və baytarlıq sənədləri olmayan balıq, toyuq, hindquşu məhsulları müəyyən olunub. Həmçinin soyuq qəlyanaltılar və isti yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, çalışan işçilərin soyunub geyinməsi üç sahənin ayrılmadığı, qida məhsullarının saxlandığı rəflərin korroziyaya uğradığı aşkar olunub. Müəssisədə çalışan işçilərin tibbi müayinədən keçmədən və gigiyenik təlimlərə cəlb edilmədən fəaliyyət göstərməsi kimi bir sıra nöqsanlar qeydə alınıb. Aşkar olunan faktla bağlı inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Kərə yağı adı ilə satılan daha bir neçə yağın tərkibində uyğunsuzluq aşkarlandı
AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Allbuy” MMC və “Şamaxı Dairy Farm” MMC tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterinləri − “Kampesterin” və “Beta-sitosterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb. Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkarlar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır: