AQTA qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün sahibkarları diqqətli olmağa çağırır
24 May 2022 15:58
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət və tənzimlənmə tədbirlərinin operativ, şəffaf və daha səmərəli təşkili istiqamətində ardıcıl fəaliyyətini davam etdirir.
Məlum olduğu kimi, Agentlik tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilməsi elektron sistem vasitəsilə həyata keçirilir. Sahibkarlıq subyektləri öz “Şəxsi kabinet”lərindən “Asan imza” vasitəsilə müraciət etmək və müvafiq sənədləri sistemə yükləməklə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarını əldə etmək imkanına malikdirlər. Lakin son zamanlar özünü broker təşkilatı kimi qələmə verən bəzi təşkilatlar AQTA-nın rəsmi loqosunu öz reklam vasitələrində və elektron səhifələrində yerləşdirməklə, guya AQTA ilə əlaqəli şəkildə fəaliyyət göstərmək və müxtəlif sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə təmin etmək üçün hər hansı səlahiyyətə malik olduqları haqqında sahibkarlarda və ictimaiyyətdə yanlış təəssürat yaratmağa çalışırlar.
AQTA bu sahədə qanunsuz fəaliyyətlərin qarşısının alınması, prosedur qaydalarının daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsi üçün ardıcıl tədbirlər görür və bəyan edir ki, belə halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. Nəzərə alınmalıdır ki, bu kimi qanunsuz cəhdlər şəffaflığın pozulmasına və neqativ hallara şərait yaradır.
Bir daha bildiririk ki, Agentlik bir ünvandan müraciət etmək şərtilə, sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə yalnız və yalnız fərdi “Asan imza” əsasında təmin edəcəkdir. Broker təşkilatları adı və ya hər hansı təsadüfi şəxslərin sistemə daxil olması yolu ilə müxtəlif sahibkarlar üçün sertifikatların alınması hallarına cəhd edilməsinin qarşısı alınacaq və belə hallarla rastlaşdıqda, həmin şəxslər barəsində qanunvericilik çərçivəsində hüquq-mühafizə orqanları və müvafiq təşkilatlara müraciət ediləcəkdir.
Oxşar xəbərlər

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.