AQTA şəkər tozu və qənd məhsulları ilə bağlı monitorinqləri davam etdirir
12 Oktyabr 2022 14:51
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması istiqamətində keçirilən nəzarət tədbirləri zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən bir sıra istehsalçılara məxsus qənd məhsulu partiyalarının qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, kükürd dioksid (SO2) miqdarının laborator sınaqların nəticələrinə əsasən normadan artıq olduğu müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilərək normativ sənədin tələblərinə cavab verməyən həmin məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı istehsalçılara, eyni zamanda ticarət şəbəkələrinin rəhbərlərinə həmin məhsulların satışdan çıxarılaraq istehsalçılara geri qaytarılması barədə icrası məcburi göstərişlər verilib.
Görülmüş nəzarət tədbirlərinin nəticəsi olaraq, həmin şirkətlər tərəfindən cari ilin aprel-sentyabr aylarında 1097,25 kq məhsul geri çağırılıb ki, bunlardan fiziki şəxs Kərimov Əfqan Bəhşir oğlunun istehsal etdiyi 371,3 kq, “Bolluq” MMC tərəfindən istehsal edilən 169,2 kq, “Şam Fi İnternational Trading Company” MMC tərəfindən emal edilən 6,75 kq qənd partiyası məhv edilib, 347 kq məhsulun isə məhv edilməsi ilə bağlı qərar qəbul olunub. Eyni zamanda fiziki şəxs Babayev Nazim Səyyaf oğluna məxsus anbarda saxlanılan 5109 kq, həmiçinin satış şəbəkəsindən geri çağırılmış 200 kq qənd məhsulunun təkrar emala göndərilməsi barədə qərar qəbul edilib.
Ticarət şəbəkələrində keçirilmiş təkrar monitorinqlər zamanı isə 20 nümunə götürülərək müayinəyə cəlb edilib. Müayinə nəticəsinə əsasən, əvvəl uyğunsuzluq aşkarlanmış 6 istehsalçıya məxsus 9 nümunədə kükürd dioksidin kütlə payı normadan artıq müəyyən edilib.
Bununla əlaqədar, müəssisələrin 3-də plandankənar yoxlama aparılıb, 2 müəssisədə (“Şüvəlan Şirniyyat” ASC və fiziki şəxs Mənsimov Məmməd Adil oğlu) aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar istehsalın dayandırılması və kükürd dioksidin miqdarı normadan artıq müəyyən edilmiş məhsulların geri çağırılması, 1 müəssisədə (fiziki şəxs Kərimov Əfqan Bəhriş oğlu) isə aparılmış yoxlama çərçivəsində ticarət şəbəkəsində aşkar edilmiş uyğunsuz məhsul partiyasının geri çağırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar”lar qəbul edilib.
Uyğunsuzluq aşkar edilmiş 1 nümunənin istehsalçısı barədə məlumat hüquq mühafizə orqanlarına göndərilib və həmin məhsul partiyasının satışının qadağan edilməsi və satışdan kənarlaşdırılması ilə bağlı ticarət şəbəkəsinin rəhbərinə müvafiq göstəriş verilib. Uyğunsuzluq aşkar edilmiş digər 2 müəssisədə (“Bolluq LTD” MMC və fiziki şəxs Kərimov Cavid) təkrar plandankənar yoxlamanın keçirilməsi nəzərdə tutulub. Məhsulların satışdan kənarlaşdırılaraq istehsalçıya geri qaytarılması və Agentliyə bu barədə məlumat verilməsi ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi məktub ünvanlanıb.
AQTA istehlakçıları bir daha məhsulları alarkən etiketində olan məlumatlara diqqət yetirməyə, aşağıdakı cədvəldə göstərilən əmtəə nişanlı və istehsal tarixli məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın “1003-Cağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.
Normativ sənədin tələblərinə cavab verməyən qəndlər və onların istehsalçıları barədə məlumat
№ |
Məhsulun istehsalçısı |
Əmtəə nişanı |
İstehsal tarixi |
Çəkisi |
1 |
"Şüvəlan Şirniyyat" ASC |
"Abşeron qənd" kəllə qənd |
27.01.2022 |
1x600 |
2 |
"Yek dad" kəllə qənd |
28.01.2022 |
1x150 |
|
3 |
"Yekdad" sweet as honey |
02.04.2022 |
1x1700 |
|
4 |
"Bol qənd" kəllə qənd |
20.04.2022 |
1x700 |
|
5 |
f/ş Kərimov Əfqan Bəhriş oğlu |
"Dişləmə" kəllə qənd (yaşıl) |
26.06.2022 |
1x700 |
6 |
f/ş Nadirov Tofiq Həmid oğlu |
"Əsl tam" kəllə qənd |
01.04.2022 |
1x700 |
7 |
"Bolluq LTD" MMC |
"Bəyaz" |
16.05.2022 |
1x600 |
8 |
Kərimov Cavid Əliyar oğlu |
“Kəhriz” |
12.11.2021 |
1x600 |
9 |
Mənsimov Məmməd Adil oğlu |
“İlğım” ağ qənd |
29.08.2022 |
1x800 |
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.