AQTA yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı ELAN
3 Fevral 2023 15:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətində aşkarlığın və şəffaflığın daha da genişləndirilməsi, habelə dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasında vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün Agentliyin yanında fəaliyyət göstərəcək İctimai Şuranın tərkibinin formalaşdırılması məqsədilə Şuranın üzvlüyünə seçkilərin təşkili üçün 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
Qanunvericiliyə uyğun olaraq Agentlik tərəfindən 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv olmaqla seçki komissiyasının videobağlantı formatında ilk iclası keçirilib. İclasda komissiya üzvləri Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması, başa çatması vaxtının elan edilməsi və bir sıra texniki məsələlər ilə bağlı müzakirələr aparıb, müvafiq qərarlar qəbul ediblər.
Şuranın tərkibi vətəndaş cəmiyyəti institutları, o cümlədən qida zəncirinin bütün mərhələlərini təmsil edən ictimai birliklər və təşkilatların səlahiyyətli nümayəndələrindən, həmçinin müvafiq istiqamət üzrə elm və tədris sahələrini təmsil edən şəxslərdən 1 nəfər olmaqla təşkil edilir.
Agentlik yanında İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər 10 fevral 2023-cü il tarixindən 20 iş günü müddətində Agentliyin Seçki Komissiyasına (e-mail: shura@afsa.gov.az, əlaqə: (+994 12) 565-12-72 (daxili-209) ) müraciət edə bilərlər. Müraciətdə əlaqə vasitələri, e-mail, şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti, şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənəd (olduğu halda müvafiq ixtisas üzrə diplom, əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyən digər sənədlər) və digər zəruri məlumatlar qeyd edilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.17-ci bəndinə uyğun olaraq İctimai şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra 1 ay müddətində keçiriləcəkdir. Seçkinin vaxtı və keçiriləcəyi yer barədə məlumat Agentliyin rəsmi internet səhifəsi vasitəsi ilə elan ediləcəkdir.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.