AQTİ və ÜHST tərəfindən birgə həyata keçirilən layihənin başa çatması ilə əlaqədar tədbir keçirilib
1 Mart 2023 17:40








Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən heyvan sağlamlığı sahəsində birgə həyata keçirilən Tvinninq layihənin yekunlaşması ilə bağlı tədbir təşkil edilib.
AQTİ-də keçirilən tədbir çərçivəsində əvvəlcə layihə üzrə koordinator Francesko Pomilio ilə görüş olub. Görüşdə layihənin mərhələləri, görülmüş işlər və əldə edilmiş nəticələrə dair müzakirələr aparılıb. Bildirilib ki, layihənin əsas məqsədi Milli Referens laboratoriyasının fəaliyyətinin genişləndirilməsinə dəstək, ISO:17043:2010 “Səriştəlilik sınaqlarının təşkilinə dair ümumi tələblər” standartının tətbiqi üzrə GAP analizləri və hesabatın hazırlanması olub. Həmçinin, layihə çərçivəsində mikrobioloji, virusoloji və kimyəvi sahədə aparılan müayinələr üzrə təlimlər təşkil olunub. AQTİ əməkdaşlarının peşəkarlığının yüksəldilməsi və səriştəliliyinin artırılması istiqamətində bir sıra işlər görülüb. Eyni zamanda, İnstitutun mütəxəssisləri xarici ölkələrdə keçirilən təlimlərə qatılıb, təcrübə mübadiləsi aparıblar.
Görüşdə AQTİ və ÜHST arasında gələcək əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Görüşdən sonra qonaq iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. F. Pomilio laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.
