Nəsimi rayonunda fəaliyyət göstərən iki iaşə obyektində saxta alkoqollu içkilər aşkarlanıb
30 Oktyabr 2024 16:14
Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 30a ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsrəfilov Nadir Nuru oğluna məxsus “Qəbələ” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 1 ədəd 1 litrlik "Absolut Vodka" əmtəə nişanlı, 3 ədəd 0.5 litrlik, 3 ədəd 1 litrlik, 2 ədəd 0.7 litrlik “Banketnaya” əmtəə nişanlı, 4 ədəd 1 litrlik, 2 ədəd 0.5 litrlik, 1 ədəd 0.7 litrlik “Organic Line” əmtəə nişanlı araq, 1 ədəd 1 litrlik ”Ballantines” əmtəə nişanlı, 2 ədəd 1 litrlik “Jameson” əmtəə nişanlı, 2 ədəd 1 litrlik ”Chivas Regal 12” əmtəə nişanlı viski, 3 ədəd 1 litrlik “Olmeca Tequila” əmtəə nişanlı tekila, 2 ədəd 0.5 litrlik, 1 ədəd 1 litrlik “Jagermeister” əmtəə nişanlı likyor məhsulunun satışının həyata keçirildiyi məlum olub.
Həmçinin Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 133 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəhmədov Murad Aydın oğluna məxsus “2/5 Mərtəbə” ictimai iaşə obyektində də yoxlama keçirilib. Baxış zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan, ümumilikdə 5 ədəd “Jack Daniels”, “Olmeca Tequila Silver”, “Olmeca Tequila Blanco” əmtəə nişanlı alkoqollu içki aşkarlanıb. Belə ki, qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim edilməyib, bir qismində falqanın kustar üsulla sonradan yapışdırıldığı müəyyən edilib.
Hər iki faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.
Oxşar xəbərlər

Novruz təamlarından istifadə edərkən nələrə diqqət yetirməliyik?
Novruz süfrəsi bol çeşidli yemək və şirniyyatlarla zəngindir. Bayramın ənənəvi yeməkləri çox zəngin və kalori baxımından yüksək olur, buna görə də balanslı qidalanmaq çox önəmlidir. Bayram günlərində qidaların qarışdırılmaması və müəyyən həddin gözlənilməsi vacib şərtdir. Çünki həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yarada bilər. Bayramda zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balanslı şəkildə istehlakına diqqət etmək lazımdır. Xüsusilə də bişmiş qidaların həzmini asanlaşdıran mövsümi tərəvəz salatlarına üstünlük verilməlidir. Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzmini asanlaşdırır. Mütəxəssislər bir yemək saatında üçdən artıq çeşiddə yeməyin istehlakını tövsiyə etmirlər. Bayram süfrəsində qızardılmış məhsullara deyil, sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilməlidir. Yaxşı olar ki, balıq yeməkləri hazırlandıqdan sonra tez bir zamanda istehlak edilsin. Bayram günlərində yemək və salatların hazırlanmasında daha geniş istifadə olunan mayonezi qatıqdan hazırlanmış sous, xama və kefirlə əvəz etmək məsləhət görülür. Novruz təamlarından olan şəkərbura, paxlava və digər şirniyyatlar tərkibindəki yağ və şəkər səbəbindən yüksək kalorili qidalardır. Xörəklərdən dərhal sonra yüksək kalorili şirniyyatların yeyilməsi çəkinin artmasına səbəb olur. Bu şirniyyatlarla bərabər çərəzlərin istehlakı gündəlik kalori qəbulunu artırır. Düzgün qidalanmanın vacib şərtlərindən biri də yavaş-yavaş yeməkdir. Çünki doyma siqnalı beynə 20 dəqiqə ərzində çatır. Yavaş-yavaş qidalanma həddindən artıq qida qəbulunun qarşısını alır. Mayenin düzgün qəbul edilməsi də sağlam qidalanmanın vacib şərtlərindəndir. Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək məsləhət görülmür. Suyun qida istehlakından 30 dəqiqə əvvəl ilıq halda içilməsi faydalı hesab olunur. Bayram günlərində fiziki aktivliyin yüksək olması da düzgün və balanslı qidalanmaq qədər vacib və faydalıdır.

"Şüa" restoranında nöqsanlar aşkarlandı
Fiziki şəxs Mikayılov Elvin Vaqif oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 19 ünvanında fəaliyyət göstərən "Şüa" ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, sanitar-gigiyenik qaydaların gözlənilmədiyi müəssisədə qida məhsullarının saxlanması rejiminə əməl olunmadığı, temperaturun monitorinqinin aparılmadığı, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, mal qonşuluğu prinsipi pozulmaqla saxlanılan və baytarlıq sənədləri olmayan balıq, toyuq, hindquşu məhsulları müəyyən olunub. Həmçinin soyuq qəlyanaltılar və isti yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, çalışan işçilərin soyunub geyinməsi üç sahənin ayrılmadığı, qida məhsullarının saxlandığı rəflərin korroziyaya uğradığı aşkar olunub. Müəssisədə çalışan işçilərin tibbi müayinədən keçmədən və gigiyenik təlimlərə cəlb edilmədən fəaliyyət göstərməsi kimi bir sıra nöqsanlar qeydə alınıb. Aşkar olunan faktla bağlı inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında aprelin 3-ü saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.