Qanunvericiliyin tələblərini pozan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
17 Mart 2023 15:08






Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Abdullayev Hüseyn Faiq oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənmənin və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, xammalların çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər

İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
