AQTA sədri İctimai Şuranın üzvləri ilə görüşüb
12 May 2023 10:11
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli AQTA yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.
Görüşdə Q.Təhməzli ilk öncə 12 aprel 2023-cü il tarixində keçirilən növbəti seçkilər zamanı AQTA yanında İctimai Şuraya seçilən 9 nəfər üzvə fəaliyyətlərində uğurlar arzulayıb. Eyni zamanda ümidvar olduğunu bildirib ki, İctimai Şura qida təhlükəsizliyi sahəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə, müvafiq qərarların qəbuluna, institusional inkişafın və ölkədə qida təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. Eləcə də qida təhlükəsizliyi sahəsində hazırlanacaq qanunvericilik aktları, qaydalar, texniki normativ hüquqi aktlar və digər metodiki göstərişlər ictimai rəy nəzərə alınmaqla, sahibkarların, istehlakçıların və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı təmin olunmaqla təkmilləşdiriləcək.
Q.Təhməzli həmçinin görüş zamanı AQTA-nın fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, eləcə də bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə İctimai Şuranın üzvlərinə geniş məlumat verib.
Eyni zamanda AQTA sədri 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin qanundan irəli gələn tələblər barədə məlumatları diqqətə çatdırıb. Q.Təhməzli qeyd edib ki, bu qanun qida təhlükəsizliyi sistemi üzrə hüquqi bazanı gücləndirib, vətəndaşların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasında mühüm rol oynayır. Qanun dövlətin siyasi xəttinə uyğun olaraq, sahibkarlara göstərilən dəstəyin davamı kimi öz töhfəsini verir. Həmçinin bu qanun bir çox beynəlxalq qaydaların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiqi, qida zəncirində fəaliyyət göstərən subyektlərin və obyektlərin qeydiyyatı ilə təsdiqi prosesinə yeni baxış formalaşdırıb.
Tədbirdə çıxış edən AQTA yanında İctimai Şuranın üzvləri aprelin 12-də səsvermə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasına, eyni zamanda seçkinin tam şəffaf və ədalətli keçirilməsinə görə AQTA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Eləcə də ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində bütün səylərini səfərbər edəcəklərini vurğulayıblar.
Görüşdə həmçinin qida təhlükəsizliyi sahəsində hazırda icra edilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlərlə bağlı müzakirələr aparılıb.
AQTA sədri ilə görüşdən sonra Agentlik yanında İctimai Şuranın iclası keçirilib. İclasda səsvermə yolu ilə Azərbaycan Heyvandarlıq Assosasiyasının sədri Nazim Səfərov İctimai Şuranın sədri, “Report” İnformasiya Agentliyinin baş redaktor müavini Pərvin Abbasov sədrin müavini, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aytac Zülfüqarlı isə katib seçilib. Daha sonra Şuranın gələcək fəaliyyəti və digər cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları
Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilir. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır.
“Qala Qəbələ” ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Binəqədi rayonu, Mir Cəlal küçəsi, 105 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bərxudarov Nəsir Adil oğluna məxsus “Qala Qəbələ” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, eləcə də sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, istehlakçılara təqdim olunan 12 ədəd 0,5 litrlik “Banketnaya” əmtəə nişanlı araq məhsulunun saxta olduğu aşkarlanıb. Həmçinin müəssisədə istifadə edilən ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, mənşəyi məlum olmayan turşu məhsullarından istifadə edildiyi və çiy tərəvəzlərin qida təhlükəsizliyi tələblərinə uyğun olmayan şəraitdə saxlanıldığı müəyyən olunub. Bundan əlavə, müəssisədə zərərvericilərə qarşı mübarizə üçün zəruri şəraitin yaradılmadığı, temperatur monitorinqinin aparılmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı və təmizlik işlərinə dair müvafiq cədvəllərin olmadığı aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Aşkar olunmuş uyğunsuzluqlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlər görülüb. AQTA tərəfindən qida təhlükəsizliyi tələblərinə əməl olunması ilə bağlı nəzarət tədbirləri davam etdirilir.
AQTA Amerika ağ kəpənəyinə qarşı monitorinq tədbirlərini davam etdirir
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları karantin tətbiq edilən təhlükəli zərərverici − Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması məqsədilə monitorinq və fitosanitar nəzarət tədbirlərini davam etdirir. Bu çərçivədə Lənkəran rayonunun Lənkəran və Liman şəhərləri, Haftoni qəsəbəsi, Göyşaban, Ürgə, Boladi, Separadi, Daşdalıqcar, Siyəvar, Tütəpeştə, Aşağı Nüvədi, Sütəmurdov, Velədi və Kərgəlan kəndlərində zərərvericinin növbəti nəslinin yetkin fərdlərinin aşkar edilməsi və yayılma arealının müəyyənləşdirilməsi məqsədilə monitorinqlər aparılıb. Zərərvericinin yayılma arealına uyğun olaraq ərazilərdə feromon tələlər asılıb. Bununla yanaşı, Bakı şəhərinin Nizami rayonunda yaşayış binalarının həyətlərində və yol kənarlarında yerləşən ağaclarda Amerika ağ kəpənəyinin yayılması ilə bağlı müvafiq monitorinq tədbirləri həyata keçirilib. Zərərvericinin populyasiya sıxlığının izlənilməsi və erkən aşkarlanması məqsədilə ərazinin müxtəlif nöqtələrində feromon tələlər quraşdırılıb. Monitorinq tədbirləri zamanı sakinlərlə maariflənidirici görüşlər də keçirilib. Sakinlərə zərərverici ilə bağlı məlumat təqdim olunub, bukletlər paylanıb və müvafiq tövsiyələr verilib.
Giriş