AQTA yanında İctimai Şuranın növbəti iclası keçirilib
18 Yanvar 2021 18:28
Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq işlər görülməkdədir. 15 yanvar 2021-ci il tarixdə Şuranın üzvlərinin iştirakı ilə videobağlantı formatında növbəti iclas keçirilib.
İclasda “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Agentliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Agentlik və ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasını təmin etmək məqsədilə Agentlik yanında İctimai Şuranın fəaliyyətinin vacibliyi vurğulanıb.
İclasda səsvermə yolu ilə Azərbaycan Heyvandarlıq Assosasiyasının sədri Nazim Səfərov İctimai Şuranın sədri, “Report” İnformasiya Agentliyinin baş redaktor müavini Pərvin Abbasov sədrin müavini, “Qidalanma və Sağlamlıq" İctimai Birliyinin sədri İlqar Şamilov isə katib seçilib. Daha sonra Şuranın gələcək fəaliyyəti və digər cari məsələlər haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
Oxşar xəbərlər
AQTA yanında İctimai Şurada təmsil olunmaq üçün 7 şəxsin namizədliyi qeydə alınıb
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuraya (bundan sonra – İctimai Şura) seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası (bundan sonra – Seçki komissiyası) tərəfindən verilən elana əsasən, İctimai Şuranın üzvlüyünə namizədlərin qeydiyyatı prosesi başa çatıb. İctimai Şura üzvlüyünə 7 nəfərin namizədliyi qeydə alınıb (siyahı əlavə olunur). Seçki Komissiyasının qərarına əsasən, İctimai Şura üzvlüyünə seçkilər 2026-cı il 23 yanvar tarixində saat 11:00-dan 15:00-dək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati binasında (ünvan: Bakı şəhəri, H.Əliyev pr. 185B) vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda keçiriləcəkdir. Namizədlər gizli səsvermə yolu ilə seçiləcək və səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər Şuraya üzv seçilmiş hesab olunacaqlar. Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarından seçki gününə on gün qalanadək (13 yanvar 2026-cı il, saat 18:00-dək) öz təmsilçiləri (1 nəfər olmaqla) haqqında zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri və əlaqə vasitəsi, həmçinin şəxsiyyət vəsiqəsinin və vətəndaş cəmiyyəti institutunun üzvüdürsə, həmin üzvlüyü təsdiq edən sənədin surəti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarış) shura@afsa.gov.az elektron poçt ünvanına göndərməklə Seçki Komissiyasına təqdim etmələri xahiş olunur. İctimai Şura üzvlüyünə qeydə alınmış namizədlərin siyahısı: 1. Abbasov Pərvin Əkbər oğlu – “AZƏRTAC”ın İnformasiya buraxılışı baş redaksiyasının baş buraxılış redaktoru; 2. Zülfüqarlı Aytac Sədrəddin qızı – “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai birliyinin təsisçisi; 3. Ömərov Asəf Məmməd oğlu – Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi; 4. Qəniyeva Qalina Sədirovna – Azərbaycan Tibb Universitetinin nümayəndəsi; 5. Abdullayev Elnur Əbdülhüseyn oğlu – “Azərbaycan Bitki Mühafizəsi Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası”nın sədr müavini; 6. Məhərrəmova Mehriban Həmid qızı – Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi; 7. Qulubəyov Fuad Mamay oğlu – “Ət və Ət Məhsulları İstehsalçıları” İctimai birliyinin qanuni təmsilçisi.
AQTA yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı ELAN
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) fəaliyyətində aşkarlığın və şəffaflığın daha da genişləndirilməsi, habelə dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasında vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi üçün Agentlik yanında İctimai Şuranın tərkibinin formalaşdırılması məqsədilə Şuranın üzvlüyünə seçkilərin təşkili üçün 9 nəfərdən ibarət Seçki komissiyası yaradılıb. Qanunvericiliyə uyğun olaraq Agentlik tərəfindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən isə 5 üzv olmaqla Seçki komissiyasının ilk iclası keçirilib. İclasda komissiya üzvləri Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması, başa çatması vaxtının elan edilməsi və bir sıra prosedur məsələlərlə bağlı müzakirələr apararaq müvafiq qərar qəbul ediblər. Şuranın tərkibi vətəndaş cəmiyyəti institutları, o cümlədən qida zəncirinin bütün mərhələlərini təmsil edən ictimai birliklər və təşkilatların səlahiyyətli nümayəndələrindən, həmçinin müvafiq istiqamət üzrə elm və tədris sahələrini təmsil edən şəxslərdən 1 nəfər olmaqla təşkil edilir. Agentlik yanında İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər 28 noyabr 2025-ci il tarixindən 20 iş günü müddətində olmaqla 26 dekabr 2025–ci il tarixinədək Agentliyin Seçki komissiyasına (e-mail: shura@afsa.gov.az, əlaqə: (+994 12) 565-12-72 (daxili-159) ) müraciət edə bilərlər. Müraciətdə əlaqə vasitələri, elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti, şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənəd (olduğu halda müvafiq ixtisas üzrə diplom, əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyən digər sənədlər) və digər zəruri məlumatlar qeyd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.17-ci bəndinə uyğun olaraq İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra 1 ay müddətində keçiriləcəkdir. Seçkinin vaxtı və keçiriləcəyi yer barədə məlumat Agentliyin rəsmi internet səhifəsi vasitəsilə elan ediləcəkdir. Ərizə nümunələri:
“Bitki sağlamlığı haqqında” yeni Qanun layihəsinin ictimai müzakirəsinə başlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Agentlik yanında İctimai Şura üzvlərinin və bitkiçilik sahəsində ixtisaslaşmış müxtəlif assosiasiyaların təmsilçilərinin iştirakı ilə yeni hazırlanmış “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin ilk ictimai müzakirəsi keçirilib. Müzakirə zamanı ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi ilə bağlı həyata keçirilən fitosanitar nəzarət və fitosanitar xidmət fəaliyyətlərinin təşkilinin hüquqi əsaslarının müəyyən edilməsi, fitosanitar nəzarət və xidmət sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətlərin tənzimlənməsi və bu sahədə qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hazırlanmış yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin təqdimatı olub. AQTA rəsmiləri təqdimatla çıxış edərək, iştirakçılara bitki sağlamlığı sahəsində dövlət tənzimlənməsi, bitki mühafizəsinin və karantinin təşkili, bitkiçilik subyektlərinin hüquq və vəzifələri, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, dövriyyəsinə, istifadəsinə dair tələblər, həmin məhsulların istehsalı və dövriyyəsi ilə məşğul olan obyektlərin qeydiyyatı, fitosanitar xidmətlər və layihədə nəzərdə tutulan digər məsələlər barədə geniş məlumat verib. Qeyd olunub ki, “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 10 fəsil 46 maddədən ibarətdir. Tədbirdə İctimai Şura üzvləri və assosiasiya üzvləri tərəfindən Qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, yeni Qanun ilə əlaqədar maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyə və məlumatların verilməsinin vacibliyi diqqətə çatdırılıb. Yekunda layihənin daha geniş ictimai müzakirəsi tövsiyə olunub. Qeyd edək ki, AQTA tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”na uyğun olaraq, qanunamüvafiq prosedurlar həyata keçirilməkdədir. Yaxın günlərdə yeni Qanun layihəsinin digər maraqlı tərəflərin, o cümlədən sahibkarların, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsinin keçirilməsi planlaşdırılır. “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi ilə Agentliyin rəsmi saytında yerləşdirilmiş xüsusi bölmədən link vasitəsilə tanış olmaq mümkündür: https://afsa.gov.az/az/qanunvericilik/bitki-saglamligi-haqqinda-qanun-layihesi
Giriş