Baytarlıq laboratoriyalarının gücləndirilməsi təhlükəsiz qida istehsalına mühüm töhfə verəcək
11 Sentyabr 2026 17:58
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” yeni imkanlar yaradır.
Bunu yeni təsdiq olunan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı” ilə bağlı AZƏRTAC-a fikirlərini bildirən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü, ekspert Asəf Ömərov deyib.
O bildirib ki, güclü baytarlıq laboratoriyaları sağlam heyvandarlığın və təhlükəsiz qidanın təminatıdır: “Heyvandarlığın davamlı inkişafının əsas şərtlərindən biri heyvan sağlamlığının qorunması və yoluxucu xəstəliklərə qarşı effektiv nəzarət sisteminin mövcudluğudur. Müasir dövrdə heyvan xəstəliklərinə yalnız baytarlıq problemi kimi yanaşmaq kifayət deyil. Bu xəstəliklərin bir qismi insan sağlamlığı üçün də təhlükə yaratdığı halda, digər qismi heyvandarlıq təsərrüfatlarına ciddi iqtisadi zərər vuraraq ərzaq istehsalına və ölkənin iqtisadi təhlükəsizliyinə təsir göstərə bilir. Heyvan xəstəliklərinin iqtisadi təsiri də nəzərə alınmalıdır. Belə xəstəliklərin təsiri yalnız xəstə və ya tələf olmuş heyvanların sayı ilə ölçülmür. Məhsuldarlığın azalması, reproduktiv göstəricilərin pisləşməsi, məcburi kəsim, profilaktika və xəstəliklə mübarizə tədbirlərinə çəkilən əlavə xərclər, heyvanların hərəkətinə qoyulan məhdudiyyətlər, həmçinin heyvan və heyvan mənşəli məhsulların daxili və beynəlxalq ticarətində yarana biləcək maneələr fermerlərin gəlirlərinə və bütövlükdə ölkənin aqrar iqtisadiyyatına təsir göstərə bilər. Bu səbəbdən heyvan xəstəliklərinə qarşı mübarizədə əsas məqsəd yalnız artıq baş vermiş xəstəliyə reaksiya vermək deyil. Müasir baytarlıq sistemi xəstəliyin erkən aşkarlanmasına, sürətli və dəqiq diaqnostikasına, epidemioloji nəzarətə və riskəsaslı profilaktikaya söykənməlidir. Laborator diaqnostika xəstəliklərə nəzarətin əsas sütunlarından biridir. Heyvan xəstəliklərinin erkən müəyyənləşdirilməsində güclü laboratoriya sistemi həlledici əhəmiyyət daşıyır. Klinik əlamətlər bir sıra xəstəliklərdə oxşar ola bildiyindən, yekun diaqnozun təsdiqlənməsi üçün müasir və etibarlı laborator müayinələr tələb olunur. Bu baxımdan ölkədə fəaliyyət göstərən Respublika Baytarlıq Laboratoriyasının və Zona Baytarlıq laboratoriyalarının potensialının davamlı olaraq gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Laboratoriyaların müasir avadanlıqlarla təmin edilməsi ilə yanaşı, onların tətbiq etdiyi diaqnostik metodların çeşidinin genişləndirilməsi, keyfiyyət təminatı sistemlərinin inkişaf etdirilməsi, biotəhlükəsizlik və bioloji mühafizə standartlarının gücləndirilməsi, eləcə də mütəxəssislərin davamlı peşə hazırlığı laboratoriya sisteminin effektivliyini müəyyən edən əsas amillərdəndir”.
Asəf Ömərov vurğulayıb ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində fəaliyyət göstərən dövlət laboratoriyalarının təkmilləşdirilməsi və onların müayinə imkanlarının genişləndirilməsi mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulur. Bu yanaşma baytarlıq laboratoriyalarının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Respublika və zona səviyyəsində fəaliyyət göstərən baytarlıq laboratoriyalarının maddi-texniki bazasının modernləşdirilməsi yoluxucu xəstəliklərin daha sürətli aşkarlanmasına və diaqnostik imkanların regionlarda da gücləndirilməsinə şərait yarada bilər.
“Zona Baytarlıq laboratoriyalarının imkanlarının genişləndirilməsi xəstəliklərin məhz yarandığı regionlarda daha sürətli aşkarlanmasına şərait yarada bilər. Nümunələrin uzaq məsafələrə göndərilməsinə ehtiyacın azalması diaqnostika müddətini qısalda, operativ qərarların qəbulunu sürətləndirə və xəstəliyin digər təsərrüfatlara yayılmasının qarşısının alınmasına kömək edə bilər. Burada əsas məsələ yalnız yeni avadanlığın alınması deyil. Laboratoriya şəbəkəsinin inkişafı avadanlıq, müasir diaqnostik metodlar, standart əməliyyat prosedurları, keyfiyyətə nəzarət, biotəhlükəsizlik və bioloji mühafizə, məlumatların idarə edilməsi və peşəkar insan resurslarının vahid sistem daxilində inkişaf etdirilməsini tələb edir. Baytarlıq laboratoriyalarının gücləndirilməsinə qoyulan investisiyanın nəticəsi yalnız laboratoriya daxilində görülən işlərlə məhdudlaşmır. Güclü diaqnostik sistem fermerlərin təsərrüfatlarının qorunmasına, heyvan itkilərinin azaldılmasına, zoonoz risklərin erkən müəyyən edilməsinə, təhlükəsiz heyvan mənşəli məhsulların istehsalına və ölkənin ixrac potensialının qorunmasına xidmət edir. Bu baxımdan 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində laboratoriya sisteminin modernləşdirilməsi Azərbaycanın baytarlıq xidmətinin gələcək inkişafı üçün mühüm imkan yaradır”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Başlıca məqsəd qida təhlükəsizliyi sahəsinin real tələblərinə cavab verən mütəxəssislər yetişdirməkdir
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Hazırda bizim üçün başlıca məqsəd sahənin real tələblərinə cavab verən, tam təlim keçmiş mütəxəssislər yetişdirməkdir. Ümumi tədris proqramını mənimsəməklə yanaşı, gələcək mütəxəssis keyfiyyətə nəzarət standartları ilə işləməyi, texnoloji və qida təhlükəsizliyi sənədlərini tərtib etməyi, təhlükə təhlilini aparmağı və kritik nəzarət nöqtələrini düzgün müəyyən etməyi bacarmalıdır. Buraya, həmçinin daxili audit, laboratoriya nəticələrinin interpretasiyası, izlənilmə sistemləri və korrektəedici tədbirlərin idarəolunması vərdişləri daxildir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında AQTA yanında İctimai Şuranın sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehriban Məhərrəmova səsləndirib. O bildirib ki, yeni Dövlət Proqramı qida təhlükəsizliyi sahəsində bir neçə istiqamətə müsbət təsir edəcək. Bunlardan birincisi, heyvandarlıq və kənd təsərrüfatıdır: “Proqram birbaşa fermerlərə monitorinq və preventiv tədbirlər həyata keçirməkdə dəstək verir. Xatırlayırsınızsa, dabaq xəstəliyinin yayılması heyvandarlıq sektoruna ciddi zərbə vurmuşdu. Yeni sənəddə bu istiqamətdə konkret tədbirlər nəzərdə tutulub”. Mehriban Məhərrəmova deyib ki, ikincisi, idxal-ixrac prosesləridir. “Sənəd idxal-ixrac əməliyyatlarına müsbət təsir göstərəcək, bu isə öz növbəsində sahibkarlar üçün mühüm dəstəkdir. Nəzərdə tutulur ki, dövlət sərhədindən buraxılış məntəqələrinə yaxın ərazilərdə 2 yeni qida təhlükəsizliyi nəzarəti məntəqəsi fəaliyyətə başlasın, arıçılıq məhsullarının, o cümlədən balın Avropa İttifaqı ölkələrinə, quşçuluq məhsullarının, o cümlədən yumurtanın isə yeni bazarlara ixracı üçün icazələr alınsın”, - deyə o vurğulayıb. AQTA yanında İctimai Şuranın sədri diqqətə çatdırıb ki, üçüncüsü, HACCP prinsiplərinin genişlənməsidir: “Proqramın hədəf göstəricilərindən biri istehsal, emal və ictimai iaşə müəssisələrində HACCP tətbiqinin sürətləndirilməsidir. Konkret nəticə indikatoru isə qida müəssisələrinin 80 faizində HACCP-a əsaslanan daxili nəzarət sisteminin qurulmasıdır. Bunun üçün metodiki tövsiyələrin hazırlanması və müəssisələr üçün təlimlərin keçirilməsi nəzərdə tutulur”. O deyib ki, dördüncü istiqamət tədris proqramlarının yenilənməsidir: “Proqramdan irəli gələn dəyişiklik və əlavələr tədris proqramlarına — həm bakalavriat, həm də magistratura səviyyəsində — inteqrasiya olunacaq. Bununla yanaşı, ümumi təhsil pilləsi üzrə dərsliklərə sağlam qidalanma və zoonoz xəstəliklərə dair materialların daxil edilməsi, beynəlxalq təşkilatların texniki komitələrinin işində yerli mütəxəssislərin iştirakının artırılması nəzərdə tutulur. Sonuncu, xüsusilə gənc kadrların beynəlxalq normayaratma təcrübəsi ilə birbaşa tanış olması baxımından dəyərlidir”, - deyə İctimai Şuranın sədri bildirib. Mehriban Məhərrəmova qeyd edib ki, beşinci istiqamət rəqəmsal izlənilmə və ictimai nəzarətdir: “Ayrıca vurğulamaq istərdim ki, Dövlət Proqramı AQTİS-də vahid izləmə altsisteminin yaradılmasını və pilot layihə çərçivəsində 50 qida subyektinin bu sistemə qoşulmasını nəzərdə tutur. “Tarladan süfrəyədək” izlənilmənin tam qurulması həm istehsalçı, həm də istehlakçı üçün şəffaflıq deməkdir”. Onun fikrincə, ümumilikdə 2027−2032-ci illər üçün Dövlət Proqramı institusional bazanı elmi potensial, kadr hazırlığı və rəqəmsal həllərlə tamamlayır. Onun uğurlu icrası isə xeyli dərəcədə sahə üzrə hazırlanan mütəxəssislərin keyfiyyətindən asılı olacaq.
AQTA yanında İctimai Şuranın sədri: Dişi quzuların erkən kəsimi heyvandarlıq sektorunun dayanıqlılığına mənfi təsir göstərir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın sədri, UNEC-in dosenti Mehriban Məhərrəmova “Erkən kəsimə son” kampaniyasını dəstəkləyir. Mehriban Məhərrəmova xüsusilə dişi quzuların erkən kəsiminə diqqət çəkərək bildirib ki, son illərdə görülən tədbirlərə baxmayaraq, heyvandarlıq sektorunda müəyyən geriləmələr mövcuddur. Bu geriləmələrin əsas səbəblərindən biri heyvanların inkişaf mərhələsi tamamlanmadan kəsimə yönləndirilməsidir ki, bu da həm məhsuldarlığa, həm də sektorun uzunmüddətli dayanıqlılığına mənfi təsir göstərir. AQTA yanında İctimai Şuranın sədri erkən kəsimin bioloji aspektlərlə yanaşı, iqtisadi baxımdan da səmərəsiz olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dişi heyvanların dövriyyədən çıxarılması, sürünün təbii artımını zəiflədir və genetik potensialın itirilməsinə gətirib çıxarır. Bu isə gələcəkdə məhsuldarlığın aşağı düşməsi ilə nəticələnə bilər. Mehriban Məhərrəmova bildirib ki, mütəmadi maarifləndirmə tədbirləri nəticəsində bu tendensiyanın qarşısını almaq mümkündür: “Nəticə olaraq, erkən kəsim yalnız bu günün deyil, gələcəyin də itirilməsidir. Bu, hələ bar verməmiş ağacın kəsilməsinə bənzər bir yanaşmadır. Ona görə də bu praktikanın qarşısının alınması aqrar siyasətin prioritet istiqamətlərindən biri olmalıdır” – deyə, M. Məhərrəmova vurğulayıb.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi olub
Qida Təhlükəsizliyi Agentliyində İctimai Şura üzvlərinin iştirakı ilə yeni hazırlanan “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2026-2032-ci illər üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsi keçirilib. Müzakirə zamanı əvvəlcə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üzrə Dövlət Proqram” ının icrasından əldə olunan nəticələr iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Proqramın əhatə etdiyi dövr üzrə icra göstəricisi 92 faiz təşkil edib. Daha sonra Agentliyin rəsmiləri təqdimatla çıxış edərək, yeni Dövlət Proqramının məqsədləri, prioritet istiqamətləri, qarşıya qoyulan hədəflər, eləcə də Proqramın icrasından gözlənilən nəticələr və layihədə nəzərdə tutulan digər məsələlər barədə geniş məlumat verib. Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində normativ hüquqi bazanın, həmçinin qida zəncirinə nəzarət sahəsində infrastruktur təminatının və laborator xidmətlərin təkmilləşdirilməsi, eyni zamanda elm, təhsil və kadr potensialının gücləndirilməsi yeni Dövlət Proqramının əsas prioritetləri sırasındadır. Bundan başqa qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də biotəhlükəsizliyə nəzarət sistemlərinin təkmilləşdirilməsi, “Vahid Sağlamlıq” konsepsiyasının və qida zəncirinə nəzarətdə innovativ üsulların tətbiqinin genişləndirilməsi, idxal-ixrac nəzarətinin və beynəlxalq əməkdaşlığın, eləcə də istehlakçıların sağlam qidalanma vərdişlərinin təşviqi və ictimai nəzarətin gücləndirilməsi proqramın əsas istiqamətləri kimi vurğulanıb. Müzakirə zamanı İctimai Şura üzvləri Dövlət Proqramı layihəsi ilə bağlı fikir və təkliflərini səsləndirib, onları maraqlandıran sualları cavablandırılıb. Eyni zamanda qida təhlükəsizliyi sahəsində hazırda icra olunan və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Giriş