AQTA mütəxəssisləri özbəkistanlı həmkarları ilə təcrübələrini bölüşüblər
11 Fevral 2026 15:56
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri davam edir.
Səfər çərçivəsində nümayəndə heyəti bu gün Özbəkistanın Səhiyyə Nazirliyi yanında Sanitariya-Epidemioloji Rifah və İctimai Sağlamlıq Komitəsinin laboratoriyasının fəaliyyəti ilə tanış olub.
Daha sonra AQTA mütəxəssisləri Heyvan Xəstəliklərinin Diaqnostikası və Qida Təhlükəsizliyi üzrə Respublika Dövlət Mərkəzi, həmçinin Bitki Karantini və Mühafizəsi Agentliyinin Respublika Aqrokimyəvi Analiz Mərkəzinin laborator imkanları, maddi-texniki bazası, işçi heyəti və digər məsələlərlə bağlı tanış olublar. Görüşlərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təcrübəsi bölüşülüb, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AQTA-nın nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı idarəetmə modelinin Özbəkistanda tətbiqi məqsədilə Daşkənddə işgüzar səfərdədir.
Oxşar xəbərlər
“Gəncə Təndiri"ndə keçirilən yoxlama zamanı nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ağsu şəhəri, S.Vurğun küçəsində fəaliyyət göstərən “Gəncə Təndiri” ictimai iaşə obyektində yoxlama aparılıb. Yoxlama zamanı ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Belə ki, obyektin ümumi sanitar vəziyyətinin qənaətbəxş olmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin döşəmə və divar səthlərinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan səthlərin təmirsiz vəziyyətdə olduğu və digər nöqsanlar müəyyən edilib. Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilib
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına (EuFMD) üzv seçilib. Üzvlük çərçivəsində ölkəmiz dabaq xəstəliyinə və oxşar transsərhəd heyvan xəstəliklərə qarşı hazırlığın və nəzarətin gücləndirilməsində Komissiya ilə sıx əməkdaşlıq edəcək. Azərbaycan EuFMD proqramı vasitəsilə təklif olunan geniş texniki dəstək və imkanlardan faydalanacaq. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iki il ərzində təlim proqramlarında iştirak edəcəklər. Qeyd edək ki, üzv ölkələr dabaq və oxşar transsərhəd heyvan xəstəliklərinə nəzarət ilə bağlı bütün məsələlər üzrə texniki məsləhətlər ala biləcək, fövqəladə hallar zamanı yardım, o cümlədən böhranların koordinasiyası və cavab tədbirlərində dəstək göstəriləcək.
Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Türkiyə Respublikasından idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub. Faktla bağlı qanunuvericiliyə uyğun olaraq sözügedən məhsul partiyaları məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub. Bununla yanaşı, ölkə ərazisində ticarət şəbəkələrində keçirilmiş növbəti monitorinqlər zamanı qeyd olunan istehsalçıya məxsus, müşayiətedici sənədləri olmayan “Nitro Max” energetik içkisinin bəzi şərab mağazalarında satışının həyata keçirildiyi aşkar edilib. Araşdırmalar zamanı həmin məhsulların ölkəyə qeyri-qanuni yollarla gətirildiyi müəyyən olunub. Aşkar edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılaraq müvafiq qaydada məhv edilib. Eyni zamanda Türkiyədə istehsal olunmuş “DBL Drink Diblong” əmtəə nişanlı 150 ml həcmli içkilərdən (20.07.2025 - 20.07.2027-ci il istehsal və son istifadə tarixli) götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində tərkibində eyni uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin məhsul partiyasının qısa müddət ərzində satış obyektlərindən geri çağırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar qəbul edilib. Faktla bağlı ticarət şəbəkələrinə sözügedən içkilərin satışının dərhal dayandırılması və qısa müddət ərzində tədarükçüyə geri qaytarılması barədə müvafiq məktublar göndərilib. Məlumat üçün bildiririk ki,qeyd olunan kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlara səbəb ola bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş