AQTA nümayəndə heyəti Rusiyaya səfər edib
14 Oktyabr 2024 17:54
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiya Federasiyasında səfərdədir.
Səfər çərçivəsində AQTA-nın nümayəndə heyəti “Qida məhsullarının təhlükəsizliyi və keyfiyyət risklərinin qiymətləndirilməsi” mövzusunda Moskva şəhərində təşkil olunan Rusiya-Azərbaycan birgə dəyirmi masasında iştirak edib. Tədbir “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişə uyğun olaraq təşkil edilib. Dəyirmi masada qida məhsullarına dövlət sanitar-epidemioloji nəzarətin təmin olunması, risklərin idarə edilməsi və risk kommunikasiyası, qida məhsullarının pestisidlərlə çirklənməsinin qarşısının alınması, markalanmalı olan malların eyniləşdirmə vasitəsilə dövriyyəsinə nəzarət, qablaşdırılmış içməli və təbii mineral suların tənzimlənməsi və digər məsələlərlə bağlı çıxışlar olub, müzakirələr aparılıb.
Görüşdən sonra nümayəndə heyəti F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzində olub. İmzalanması nəzərdə tutulan “F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Mərkəzdə laboratoriya və vivariuma baxış keçirilib.
Səfər çərçivəsində AQTA nümayəndə heyətinin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Heyvanlar və yemlər üçün dərman vasitələrinin keyfiyyəti və standartlaşdırılması Ümum-Rusiya Dövlət Mərkəzinin fəaliyyəti ilə tanış olması da nəzərdə tutulur. Həmçinin nümayəndə heyəti Mərkəzin tabeliyində fəaliyyət göstərən Eksperimental Bioloji Laboratoriyanın (vivarium) fəaliyyəti, o cümlədən infrastrukturu və maddi-texniki bazası, orada saxlanılan heyvanların növü və sayı, baytarlıq-sanitariya tələbləri, işçi heyəti və digər məsələlərlə tanış olacaq.
Qeyd edək ki, səfər zamanı nümayəndə heyətinin keçirdiyi görüşlərdə iki ölkə arasında həyata keçirilən qida məhsullarının idxal-ixrac əməliyyatları və qarşlıqlı maraq doğuran digər məsələlər də diqqət mərkəzində saxlanılır.
Oxşar xəbərlər
“Fırınçı” kafesində yoxlama keçirilib
Vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən, fiziki şəxs Firudunov Seyid Allahverdi oğluna məxsus “Fırınçı” kafesində yoxlama keçirib. İctimai iaşə obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, işçi masaların yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
İdman qidaları və BAQM-ların qanunsuz onlayn satışı sağlamlıq riski yaradır - Video
Sosial şəbəkələr və onlayn platformalarda idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) təbliği qeyd olunan sahəyə marağın genişlənməsinə səbəb olub. İdman qidaları və BAQM-ların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir. Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları bu məhsulları əldə edərkən, satıcının rəsmi qeydiyyatının mövcudluğunu, məhsulların idxal sağlamlıq aktına malik olmasını, eləcə də BAQM-ların dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırır. Bununla yanaşı, məhsulun etiket məlumatlarına və istifadə təlimatlarına diqqət yetirilməsi zəruridir. Belə məhsulların qəbulundan əvvəl onların tərkibi, təyinatı, istifadə qaydası və dozası, mümkün yan təsirləri və əks göstərişləri haqqında ətraflı məlumatın əldə olunması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, məhsulun istifadəsinin fərdin sağlamlıq vəziyyəti ilə uyğunluğu mütləq nəzərə alınmalıdır. Ətraflı:
Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən “Adilbərəkət” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının, eləcə də etiketlənmə ilə bağlı bir sıra tələblərin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə istehsal olunan kəsmik, şor, qatıq və holland pendiri məhsullarının etiketində “təbii inək südündən” istifadə edildiyi göstərilsə də, istehsalat prosesinin müşahidəsi və xammallara dair sənədlər təhlil edilərkən quru süd və bitki yağlarından istifadə edildiyi aşkarlanıb. Habelə, şor məhsulunun Bakı şəhərində emal edilməsinə baxmayaraq üzərində “İsmayıllı şor” ifadəsi yazılıb. Bu da etiketdə qida məhsuluna xas olmayan təsir və ya xassələrin göstərilərək etiket tələblərinin pozulması ilə yanaşı, istehlakçıların aldadılması faktıdır. Bundan başqa, anbarda döşəmə səthlərinin tamlığının pozulduğu, qida ilə təmasda olan səthlərin təmirsiz olduğu, pasterizasiya avadanlıqlarının və pendir saxlanan qabların korroziya uğradığı, süd məhsullarının antisanitar şəkildə saxlanıldığı, qida məhsulları ilə təmasda olan alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, pendirin hazırlanmasında xammal kimi istifadə edilən yağların üzərinin açıq şəkildə saxlanıldığı və digər nöqsanlar aşkarlanıb. Uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, hazır qidalardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Eyni zamanda nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş