Bakıda EPPO Şurasının 74-cü sessiyası keçirilir
24 Sentyabr 2024 10:12
Bu gün Bakıda ilk dəfə olaraq Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyası işə başlayıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və EPPO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edir.
İkigünlük sessiyanın açılışında çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün həyati zərurətə çevrilir. EPPO tərəfindən bitki sağlamlığının qorunması, invaziv zərərli orqanizmlərin yeni ərazilərə keçməsi və yayılmasının qarşısının alınması üçün strategiyaların hazırlanması, zərərli orqanizmlərə qarşı müasir, təhlükəsiz və elmə əsaslanan effektiv mübarizə üsullarından istifadənin təşviq edilməsi isə olduqca əhəmiyyətlidir.
Z.Mustafayeva vurğulayıb ki, Agentlik ötən dövr ərzində EPPO-nun fəaliyyətində aktiv iştirak etməklə yanaşı, ölkə ərazisində “Vahid sağlamlıq” konsepsiyasının, o cümlədən bitki sağlamlığının təmin edilməsi üçün zəruri və ardıcıl tədbirlər həyata keçirib. Qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, bitki sağlamlığı və bitki mühafizəsi vasitələrinin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət sisteminin inkişafı, bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın gücləndirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, informasiya sisteminin müasirləşdirilməsi və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb. Eyni zamanda əhalinin və ətraf mühitin sağlamlığının qorunması məqsədilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, 238 adda yüksək toksikliyə malik pestisidlərin təsiredici maddələrinin ölkəmizdə tətbiqi və dövriyyəsi qadağan edilib. Hazırda isə Agentlik bitki sağlamlığı sahəsində zərərli orqanizmlərə dair risklərin idarə edilməsi sisteminin qurulması, bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi, inteqrir bitki mühafizəsi üsullarının tətbiqinin genişləndirilməsi, bioloji mübarizənin təşviqi hesabına zəhərli kimyəvi vasitələrdən istifadənin minimuma endirilməsi kimi hədəflər üzərində iş aparır. Eyni zamanda beynəlxalq ekspertlərin iştirakı ilə yeni “Bitki sağlamlığı haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Həmçinin işğaldan azad olunan torpaqlarda fitosanitar tədbirlərin daha geniş miqyasda həyata keçirilməsinə imkan verəcək Tədbirlər Planı hazırlanıb.
Z.Mustafayeva Agentliyin bitki sağlamlığı ilə bağlı fəaliyyətinə beynəlxalq təşkilatlar, o cümlədən Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya, EPPO kimi təşkilatların daim böyük dəstək göstərdiyini və bundan sonra bu əməkdaşlığın daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, ötən gün Bakıda EPPO-nun İcraiyyə Komitəsinin iclası keçirilib. Bu sessiya və iclasın ölkəmizdə keçirilməsi EPPO Şurasının ötən il sentyabrın 27-28-də Fransanın Paris şəhərində təşkil olunan 73-cü sessiyası zamanı EPPO rəhbərliyi tərəfindən təklif edilib.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş