Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçirilir
21 May 2024 14:49
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu işə başlayıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə bir sıra dövlət qurumlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər iştirak edir.
21-22 may tarixlərində baş tutacaq forumun məqsədi bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsidir.
Tədbirdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, Agentlik tərəfindən fermerlərin sağlam toxum məhsulu ilə təminatı və ölkə ərazisinin təhlükəli yeni bitki xəstəliklərindən mühafizə olunması istiqamətində geniş həcmli fəaliyyətlər icra edilir. Agentlik ölkə ərazisini qonşu ölkələrdə yayılmaqda olan təhlükəli bitki virus və bakteriya xəstəliklərindən qorumaq, respublikada bitkiçilik məhsullarının istehsalı və ixracı üçün yarana biləcək təhlükələri önləmək üçün pomidor, bibər, kartof kimi təsərrüfat əhəmiyyətli bitkilərin əkin materialının idxalı zamanı həyata keçirilən fitosanitar tədbirləri daha da genişləndirib. 2023-cü ildə idxal edilən bitki və bitkiçilik məhsullarında aşkarlanan karantin tətbiq olunan zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 829 bildiriş göndərilib ki, bunlardan 49-u əkin və səpin materiallarında aşkarlanıb. Fitosanitar nəzarət tədbirləri çərçivəsində idxal zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı bir sıra idxalçıların məhsul idxalına müvəqqəti qadağalar tətbiq edilərək Agentlik tərəfindən qərarlar qəbul olunub və icrası təmin edilib. Bununla yanaşı, Agentlik tərəfindən əsas ixrac potensiallı bitkiçilik məhsullarının (pomidor, kartof, soğan, nar, çiyələk, üzüm, tumlu-çəyirdəkli və qərzəkli meyvələr və s.) ilkin istehsalı təsərrüfatlarında müşahidə və monitorinqlərin sistemli olaraq təşkili məqsədilə Milli Monitorinq Planı hazırlanaraq icrası təmin edilib. Sözügedən Monitorinq Planı çərçivəsində 2023-cü il ərzində 1380 bitkiçilik təsərrüfatında monitorinqlər aparılıb. Həmin təsərrüfatlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 172 təsərrüfatda 176 karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb və zəruri tədbirlər görülüb. Agentlik tərəfindən aşkar olunan zərərli orqanizmlərə qarşı həyata keçirilən bütün bu tədbirlər isə ölkənin fitosanitar vəziyyətini nəzarətdə saxlamağa imkan verir.
Həmçinin Q.Təhməzli vurğulayıb ki, Agentlik qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, bitki sağlamlığı və bitki mühafizəsi vasitələrinin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət sisteminin inkişafı, bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın gücləndirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, informasiya sisteminin müasirləşdirilməsi və digər əhəmiyyətli tədbirlər həyata keçirib. Eyni zamanda əhalinin və ətraf mühitin sağlamlığının qorunması məqsədilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, 238 adda yüksək toksikliyə malik təsiredici maddələrin ölkəmizdə tətbiqi və dövriyyəsi qadağan edilib. Hazırda isə Agentlik bitki sağlamlığı sahəsində zərərvericilərə dair risklərin idarə olunması sisteminin qurulması, «Bitki sağlamlığı haqqında» Qanun layihəsinin hazırlanması, bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi, inteqrir bitki mübarizə üsullarının tətbiqinin genişləndirilməsi, bioloji mübarizənin təşviqi hesabına zəhərli kimyəvi vasitələrdən istifadənin minimuma endirilməsi kimi hədəflər üzərində iş aparır.
AQTA sədri Agentlik tərəfindən bitki sağlamlığı sahəsində həyata keçirilən fəaliyyətə beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının daim böyük dəstək göstərdiyini vurğulayıb və bundan sonra da bu əməkdaşlığın daha sıx davam edəcəyinə ümidvar olduğunu bildirib.
Forumda daha sonra Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Milli Məclisin Aqrar Siyasət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") tabeliyində fəaliyyət göstərən Ümumrusiya Bitki Karantini Mərkəzinin nümayəndələri çıxış edib. Natiqlər ölkəmizdə aqrar sahədə aparılan islahatlardan, bitkiçiliyin inkişafı istiqamətində görülən işlərdən və bu sahədə əldə olunan nailiyyətlərdən danışıblar. Respublikamızda bitki sağlamlığı sisteminin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi istiqamətində aidiyyatı qurumlar tərəfindən görülən işləri və nəzərdə tutulan hədəfləri yüksək qiymətləndiriblər. Bu forumun da Azərbaycanda və regional miqyasda bitki sağlamlığının, bununla da ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Tədbir daha sonra “İqlim dəyişikliyi şəraitində dayanıqlı kənd təsərrüfatı təcrübələrinin zərərli orqanizmlərlə mübarizədə rolu: COP29 konteksində” və “Bitki sağlamlığında elmi-tədqiqatlar və kadr potensialı” mövzularında sessiyalarla davam edib. Sessiyalar zamanı mütəxəssislər tərəfindən müxtəlif mövzularda çıxışlar olub, müzakirələr aparılıb, suallar cavablandırılıb. Fitosanitar Ekspertlər Qrupu təsis edilib. Sabah isə forumda “Meyvə istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “İstixanada zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “Birillik bitkilərin istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri” və “Bitki mühafizəsi vasitələrindən düzgün istifadə və bioloji mübarizə üsullarının tətbiqi” mövzularında sessiyaların təşki olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Giriş