Özbəkistan nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
24 Sentyabr 2024 18:19
Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Özbəkistanın Bitkilərin Mühafizəsi və Karantini Agentliyinin direktoru İbrohim Erqaşevin rəhbərlik etdiyi nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Ə.Nəbiyev qonaqları ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər barədə də məlumatlandırıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb.
Görüşdə, həmçinin iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.
Görüşdən sonra nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib. Qonaqlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Heyvanları peyvənd edərkən ən vacib qaydalar!
Dövlət tərəfindən həyata keçirilən vaksinasiyalar sayəsində heyvanlar təhlükəli xəstəliklərdən qorunur və təsərrüfat daha təhlükəsiz olur. Peyvəndləmə aidiyyatı dövlət qurumu ilə bağlanmış müqavilə əsasında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan baytarlıq mütəxəssisləri tərəfindən icra edilir. Peyvəndləmədən öncə hazırlıq görülməli, hansı xəstəliyə qarşı peyvənd aparılacağı barədə fermer və ya ailə təsərrüfatının sahibi məlumatlandırılmalıdır. Vaksinin son istifadə tarixi, saxlanma şəraiti (“soyuq zəncir” rejimi) mütəxəssis tərəfindən fermerə göstərilməlidir. Baytar mütəxəssis fərdi mühafizə vasitələrindən istifadə etməlidir. Peyvəndlənəcək heyvan klinik müayinə edilərək sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Vaksin yalnız tam sağlam heyvanlara vurulmalıdır. Xəstə, zəifləmiş və ya yüksək hərarəti olan heyvanları peyvəndləmək olmaz. Peyvəndləmənin icrası zamanı hər bir heyvan üçün fərdi steril iynələrdən istifadə edilməli, inyeksiya nahiyəsi dezinfeksiya olunmalıdır. Vaksinin növündən asılı olaraq (əzələdaxili, dərialtı və ya burun-ağız boşluğuna) istehsalçı təlimatında göstərilən dəqiq dozada vurulmalıdır. Heyvanda yarana biləcək allergik reaksiyalar və ya yan təsirləri izləmək üçün o, bir neçə dəqiqə baytar mütəxəssisin nəzarətində olmalıdır. Peyvəndləmə haqqında məlumatların uçotu qeyd edilməlidir. Fermerə bu barədə yazılı məlumat verməlidir. Qarşılaşdığınız hər hansı problem və ya sual üçün 1003 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.
Heyvan bazarlarında identifikasiya tədbirləri həyata keçirilir - Video
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan bazarlarında epizootoloji sabitliyin qorunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə baytarlıq nəzarəti tədbirləri gücləndirilir. Bu çərçivədə qəbul edilmiş tələblərə əsasən, identifikasiya olunmamış heyvanların bazarlara daxil olmasına məhdudiyyət tətbiq ediləcək. Qərarın əsas məqsədi heyvanların sağlamlıq vəziyyətinə nəzarətin effektiv təşkili, xəstəliklərin vaxtında aşkarlanması və qarşısının alınmasıdır. Heyvanların identifikasiyası onların mənşəyinin izlənilməsi, aparılmış baytarlıq tədbirlərinin qeydiyyatı və ümumilikdə epizootoloji nəzarətin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bildiririk ki, heyvan satışı bazarlarının iştirakçıları, o cümlədən sahibkarlar və heyvan mülkiyyətçiləri heyvanları bazara gətirməzdən əvvəl onların müvafiq qaydada identifikasiyasını təmin etməlidirlər. AQTA heyvan bazarı sahiblərini və heyvan mülkiyyətçilərini müəyyən edilmiş baytarlıq-sanitariya qaydalarına ciddi riayət etməyə çağırır. Ətraflı:
Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "III Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “III Qida sənayesi və qida təhlükəsizliyi” Forumu keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş