AQTA antisanitar şəraitdə fəaliyyət göstərən daha bir ictimai iaşə müəssisəsi aşkarlayıb
6 İyul 2020 17:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən keçirilən monitorinqlər zamanı Agentliyin əməkdaşları tərəfindən fiziki şəxs Nəsibov Rasim Həsən oğluna məxsus Qazax şəhəri, H.Əliyev prospekti, 170 B ünvanında yerləşən “Məkan” ictimai iaşə müəssisəsinə baxış keçirilib.
Yoxalama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydaların tələblərinə əməl olunmadığı, soyuducuda gündəlik istifadə olunan ərzaq məhsullarının mal qonşuluğu prinsipinə riayət edilmədən və temperatur rejimi gözlənilmədən saxlanıldığı müəyyən olunub. Eyni zamanda gündəlik istifadə edilən qab və digər məişət avadanlıqlarının vaxtında təmizlənib dezinfeksiya edilmədiyi aşkarlanıb.
Məlum olub ki, antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə yuma və bişirilmə sahəsi eyni yerdə təşkil edildiyi üçün qidaların hazırlanması zamanı çarpaz çirklənmə riski artır.
Yoxlama zamanı Agentlik əməkdaşlarına müəssisədə çalışan işçilərin işə qəbul edilməzdən əvvəl və dövri olaraq tibbi müayinədən keçmələri barədə müvafiq sənədlər təqdim edilməyib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər

Bitkiçilikdə qeydiyyat sahənin inkişafına təkan verəcək
AQTA tərəfindən bitki mənşəli məhsul istehsalı sahələrinin və ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi davam edir. Bitkiçilikdə qeydiyyat prosesinin həlli sahənin inkişafına təkan verəcək. Qeydiyyat təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləmək məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyata alınmadan və yə təsdiq olunmadan fəaliyyət göstərməsi qadağandır. Bitki mənşəli məhsul istehsalı sahələrinin, o cümlədən ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınması prosesi olduqca sadə və sürətlidir. Belə ki, obyektlər hər hansı qiymətləndirmə aparılmadan qeydiyyata alınır. Eləcə də, bu qeydiyyat sahibkarlar qarşısında hansısa öhdəlik yaratmır. Prosesin əhəmiyyətli üstünlükləri də var: - qeydiyyat fermerlərə dəstək xarakterli olduğu üçün ödənişsizdir; - məhsulların xarici bazarlara çıxış imkanları artırılır; - əhalinin sağlam qida ilə təmin edilməsi məqsədilə təsərrüfatların sağlamlaşdırılması prosesində dövlət orqanının nəzarəti gücləndirilir; - torpaq resurslarından əhalinin tələbatına uyğun istifadə edilməsi məqsədilə dəqiq uçot aparılır. Qeydiyyat prosesi ilə bağlı hazırladığımız videoçarxla linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/lrj1HcN9oOM

“Bitki sağlamlığı haqqında” yeni qanun lahiyəsinin ictimai müzakirəsi davam etdirilir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanıb və hazırda qanunun ictimai müzakirəsi həyata keçirilməkdədir. Bu çərçivədə aprelin 15-i Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası, 16-sı isə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə ictimai müzəkirələrin keçirilməsi planlaşdırılır. Məqsəd ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi ilə bağlı həyata keçirilən fitosanitar nəzarət və fitosanitar xidmət fəaliyyətlərinin təşkilinin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasındakı münasibətlərin tənzimlənməsi və qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. Yeni qanun 10 fəsil 46 maddədən ibarətdir. Qanun layihəsi Azərbaycan Respublikasında ilkin istehsal, istehsal və ilkin emal edilən, ölkə ərazisinə idxal olunmuş bitki və bitkiçilik məhsullarına, əkin və səpin materiallarına, habelə onların ilkin istehsalı, istehsalı, ilkin emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə, habelə onların istehsalı, emalı, saxlanması, daşınması, idxalı, ixracı, satışı, istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil edilir. Layihədə bitki sağlamlığı sahəsində dövlət tənzimlənməsi, bitki mühafizəsinin və karantinin təşkili, bitkiçilik subyektlərinin hüquq və vəzifələri, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına (emalına), dövriyyəsinə, istifadəsinə dair tələblər, həmin məhsulların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan obyektlərin qeydiyyatı, fitosanitar xidmətlər və bitki sağlamlığı sahəsində maliyyələşdirmə ilə bağlı müddəalar nəzərdə tutulub. Layihəyə əsasən ölkə üzrə Bitki Sağlamlığı Reyestri yaradılacaq. Həmin reyestrə qeydiyyata alınmış bitkiçilik subyektləri və (və ya) onların obyektləri, bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin, həmçinin onların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlər və onların obyektləri, qeyri-dövlət fitosanitar xidmətlərini həyata keçirən subyektlər daxil ediləcək. Qeydiyyata alınmış subyekt və (və ya) onların obyektlərinə Bitki Sağlamlığı Reyestrindən çıxarış veriləcək. Eyni zamanda bitki və bitkiçilik məhsullarına, əkin və səpin materiallarına daxili karantin aktı, əkin və səpin materiallarına idxal karantin rəyi, karantin nəzarətində olan materiallara, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrə idxal sağlamlıq aktının verilməsi ilə bağlı icazə sənədlərinin verilməsi nəzərdə tutulub. Bundan başqa, layihədə bitki, bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğun təsdiqi məqsədilə “zərərli orqanizmlərdən azad zona”, “zərərli orqanizmdən azad istehsal sahəsi” və ya “zərərli orqanizmdən azad istehsal yeri” ilə bağlı müddəalar daxil edilib.

“Bitki sağlamlığı haqqında” yeni Qanun layihəsinin ictimai müzakirəsinə başlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Agentlik yanında İctimai Şura üzvlərinin və bitkiçilik sahəsində ixtisaslaşmış müxtəlif assosiasiyaların təmsilçilərinin iştirakı ilə yeni hazırlanmış “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin ilk ictimai müzakirəsi keçirilib. Müzakirə zamanı ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi ilə bağlı həyata keçirilən fitosanitar nəzarət və fitosanitar xidmət fəaliyyətlərinin təşkilinin hüquqi əsaslarının müəyyən edilməsi, fitosanitar nəzarət və xidmət sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətlərin tənzimlənməsi və bu sahədə qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hazırlanmış yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin təqdimatı olub. AQTA rəsmiləri təqdimatla çıxış edərək, iştirakçılara bitki sağlamlığı sahəsində dövlət tənzimlənməsi, bitki mühafizəsinin və karantinin təşkili, bitkiçilik subyektlərinin hüquq və vəzifələri, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, dövriyyəsinə, istifadəsinə dair tələblər, həmin məhsulların istehsalı və dövriyyəsi ilə məşğul olan obyektlərin qeydiyyatı, fitosanitar xidmətlər və layihədə nəzərdə tutulan digər məsələlər barədə geniş məlumat verib. Qeyd olunub ki, “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 10 fəsil 46 maddədən ibarətdir. Tədbirdə İctimai Şura üzvləri və assosiasiya üzvləri tərəfindən Qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, yeni Qanun ilə əlaqədar maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyə və məlumatların verilməsinin vacibliyi diqqətə çatdırılıb. Yekunda layihənin daha geniş ictimai müzakirəsi tövsiyə olunub. Qeyd edək ki, AQTA tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”na uyğun olaraq, qanunamüvafiq prosedurlar həyata keçirilməkdədir. Yaxın günlərdə yeni Qanun layihəsinin digər maraqlı tərəflərin, o cümlədən sahibkarların, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsinin keçirilməsi planlaşdırılır. “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi ilə Agentliyin rəsmi saytında yerləşdirilmiş xüsusi bölmədən link vasitəsilə tanış olmaq mümkündür: https://afsa.gov.az/az/qanunvericilik/bitki-saglamligi-haqqinda-qanun-layihesi