AQTA Bolqarıstanın Qabrovo və Sumen vilayətlərindən xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət tətbiq edib
17 İyun 2020 15:28
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq etdiyi müvəqqəti məhdudiyyətlə bağlı məlumat yayıb.
Bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Bolqarıstan Respublikasının Qabrovo və Sumen vilayətləri ərazilərində Kü isitməsi xəstəliyinin qeydə alınması barədə məlumat yayıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatı nəzərə alınaraq, Bolqarıstanın Qabrovo və Sumen vilayətlərindən xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunmasına dair qərar qəbul edilmişdir.
Bu tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunmuşdur.
Oxşar xəbərlər
Fitosanitar monitorinqlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində fitosanitar vəziyyətin müəyyən edilməsi, karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə monitorinqləri davam etdirir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Qarabağ regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Xocalı rayonlarında, Xocavənd rayonunun Hadrut qəsəbəsində, Ağkənd, Güneyçartar, Çiraquz, Tuğ kəndlərində və Qırmızı Bazar ərazisində, Ağdam rayonunun Şıxbabalı, Boyəhmədli, Cinli, Xaçındərbənd, Qızıl Kəngərli kəndlərində, Cəbrayıl rayonunun Daş Veysəlli, Əmirvarlı kəndlərində müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Xocalı rayonunda, Ağdam rayonunun Cinli, Xaçındərbənd, Xocavənd rayonunun Ağkənd, Güneyçartar, Cəbrayıl rayonunun Əmirvarlı, Daş Veysəlli kəndlərində yerləşən nar bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Komstok yastıcası, Xocavənd rayonunun Ağkənd kəndində yerləşən üzüm bağından götürülən nümunələrdə isə karantin tətbiq edilən Asiya giləmeyvə drozofilası aşkarlanıb.
Qəhvəyi mərmər bağacığı ilə ev şəraitində necə mübarizə aparmaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salan Qəhvəyi mərmər bağacığının müşahidə olunduğu ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla maarifləndirici görüşlər keçirilir. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır. Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
Şamaxıda bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional Bölməsinin əməkdaşları tərəfindən Şamaxı rayonunda “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən fərdi ailə təsərrüfatları, sahibkarlıq subyektləri, aqronomlar və bitki mühafizə vasitələrinin satışı apteklərinin nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Dövlət Aqrar İnkişaf Agentliyinin regional bölmələrinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması barədə qanunvericiliyin tələbləri izah edilib, bitki sağlamlığı ilə bağlı həyata keçirilən fitosanitar tədbirlər, pestisid və aqrokimyəvi preparatlardan təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib. Eyni zamanda sahibkarlar istifadəsinə icazə verilmiş preparatların siyahısı ilə tanış olublar. Sonda iştirakçıların sualları cavablandırılıb.