AQTA əməkdaşları Ağstafa rayonunun mərkəzi bazarında və ictimai iaşə müəssisələrində monitorinq keçirib
10 İyul 2020 11:35
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Agentliyin əməkdaşları Ağstafa rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin nümayəndələri ilə birgə rayonun mərkəzi bazarında və ictimai iaşə müəssisələrində monitorinq keçirib.
Monitorinq zamanı bəzi müəssisələrin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, “Dostluq” firmasına məxsus Ağstafa royon mərkəzi bazarında yeyinti məhsullarının satışı zamanı sanitar-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. Bundan başqa bazarda heyvan mənşəli məhsulların (ət və ət məhsulları, süd, qatıq, pendir və s.) sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan vitrinlər üzərində qida məhsullarının üstü açıq şəraitdə, mal qonşuluğu prinsipi və temperatur rejiminə riayət edilmədən satışının həyata keçirildiyi aşkarlanıb.
Reyd zamanı “Şahquluoğlu” ASC-yə məxsus “Nəsiboğlu”, fiziki şəxs Novruzov Niyazi Fərhad oğluna məxsus “Göyçə” və fiziki şəxs Babayev Hafiz Mübariz oğluna məxsus “Dostlar” kafelərində sanitar-gigiyenik qaydaların kobud şəkildə pozulduğu aşkar edilib. Həmin obyektlərin mətbəx sahələri və müştəri qəbulu zallarının ümumi sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu, qida məhsullarının saxlanması zamanı qida təhlükəsizliyi tələblərinə və sanitar qaydalarına riayət edilmədiyi, hətta bəzilərində tullantıların vaxtında kənarlaşdırılmadığı, birbaşa mətbəx sahəsində saxlandığı məlum olub. Eyni zamanda həmin kafelərdə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılmadığı, işçilərin işə qəbul edilməzdən əvvəl və dövri olaraq tibbi müayinədən keçmədikləri, eləcə də xüsusi gigiyenik geyimlərdən (maska, əlcək, gigiyenik baş geyimi, xalat) istifadə etmədikləri aşkarlanıb.
Qanunvericiliyin tələbləri çərçivəsində ictimai iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
Bərdədə Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Bərdə rayonunda Amerika ağ kəpənəyinin yayılma vəziyyətinin öyrənilməsi və əhalinin zərərverici ilə mübarizə üsulları barədə maarifləndirilməsi məqsədilə fitosanitar monitorinq və maarifləndirmə işi aparılıb. Tədbirlər rayonun Alaçadırlı, Zümürxan və Qasımbəyli kəndlərində, eləcə də yolkənarı ərazilərdə aparılıb. Zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Göyçayda Gavalının cibcibə virusu aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin karantin tətbiq edilən zərərli orqanizmlərdən mühafizəsi və onların yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Bu çərçivədə Göyçay rayonunun Mallı-Şıxlı kəndində fiziki şəxs Mədinə Adil qızı Karahana və hüquqi şəxs “Göynar Agro” MMC-yə məxsus meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb. Şaftalı və nektarin bitkilərindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – Gavalının cibcibə virusu aşkarlanıb. Virus ocağının ləğv edilməsi məqsədi ilə fitosanitar mübarizə tədbirləri görülüb.
Amerika ağ kəpənəyinə qarşı monitorinqlər davam edir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsi tərəfindən Amerika ağ kəpənəyinin (Hyphantria cunea) yayılmasının qarşısının alınması, zərərvericinin zamanında aşkarlanması və əhali arasında məlumatlılığın artırılması məqsədilə Zaqatala və Qax rayonlarının müxtəlif kəndlərində monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilib. Amerika ağ kəpənəyinin aşkar edildiyi ərazilər qeydə alınaraq, həmin sahələrdə müvafiq fitosanitar tədbirlərin görülməsi üçün aidiyyəti qurumlar və məsul şəxslər məlumatlandırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş