AQTA əməkdaşları Türkiyədən olan həmkarlarını yeniliklər barədə məlumatlandırıb
16 Yanvar 2023 16:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin nümayəndələri arasında onlayn görüş keçirilib.
Görüşdə AQTA əməkdaşları Qida və Nəzarət Baş İdarəsinin nümayəndələrinə bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan, o cümlədən qida məhsullarının qeydiyyatı, markalanması və digər bu kimi məsələlərlə bağlı yeniliklər barədə məlumat verib. Bildirilib ki, yeni qanuna əsasən, yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzilərinki isə qiymətləndirmə aparılmaqla həyata keçirilir. Yeni qanunla qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilmir və bu cür məhsulların idxalı, istehsalı mümkün deyil. Həmçinin markalanmasında Azərbaycan dilində məlumatlar olmayan qida məhsullarının idxalına və dövriyyəsinə qadağa qoyulub. Markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə oxşar qida məhsullarının hər birinə məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilmir. Eyni zamanda bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minib. Bütün qida və yem məhsulları məhsul idxal edilməmişdən əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən, eləcə də idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılır.
Yeniliklər barədə məlumatlar dinlənildikdən sonra görüşdə mövzu ətrafında müzakirələr aparılıb və təkliflər dinlənilib.
Görüşün sonunda Türkiyədən ölkəmizə qida məhsullarının yeni qanunun tələblərinə uyğun idxalını təmin etmək üçün müvafiq sənədlərin Qida və Nəzarət Baş İdarəsinə təqdim olunması qərara alınıb.
Oxşar xəbərlər
Şamaxıda bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional Bölməsinin əməkdaşları tərəfindən Şamaxı rayonunda “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən fərdi ailə təsərrüfatları, sahibkarlıq subyektləri, aqronomlar və bitki mühafizə vasitələrinin satışı apteklərinin nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Dövlət Aqrar İnkişaf Agentliyinin regional bölmələrinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması barədə qanunvericiliyin tələbləri izah edilib, bitki sağlamlığı ilə bağlı həyata keçirilən fitosanitar tədbirlər, pestisid və aqrokimyəvi preparatlardan təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib. Eyni zamanda sahibkarlar istifadəsinə icazə verilmiş preparatların siyahısı ilə tanış olublar. Sonda iştirakçıların sualları cavablandırılıb.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.
Qəhvəyi mərmər bağacığı haqqında məlumat və mübarizə tədbirləri
Qəhvəyi mərmər bağacığı nədir? - Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Bu zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığın yayılması: - Qəhvəyi mərmər bağacığın yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilirlər. Qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları: - Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər bağacığın gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanır.