AQTA ictima iaşə müəssisələrində monitoriqləri davam etdirir
11 Sentyabr 2020 15:15
İctimai iaşə müəssisələrində xidmətlərin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.
Kafe-restoranlarda, mehmanxanaların nəzdindəki ictimai iaşə sahəsində əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir.
İaşə məkanının giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir. Müəssisə daxilində 2 metrlik sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.
Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafənin isə 2 metrdən az olmaması əsas şərtlərdəndir. Eyni zamanda, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə müştəri qəbulu ilə bağlı məlumatlar öz əksini tapmalıdır.
İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
Həmçinin masalarda ümumi istifadədə olan duz qabı, istiot qabı, salfet qabı kimi əşyalar əvəzinə tək istifadəlik duz, istiot, salfet və digər məhsullar qoyulmalıdır. Hər bir masada əllərin mütəmadi dezinfeksiyası üçün vasitələr mütləq olmalıdır.
Bununla bağlı olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birgə paytaxt Bakı ilə yanaşı respublikanın bütün bölgələrində mütəmadi olaraq maarifləndirici monitorinqlər keçirir. Monitorinqlər zamanı sahibkarlıq subyektlərində metodiki göstərişlərin tələblərinə əməl edilməsi vəziyyəti öyrənilir, sahibkarlara Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələbləri izah edilir.
Oxşar xəbərlər

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin bu sahədə elmi tədqiqatlar aparan alim və mütəxəssislərlə ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində yer alan elmi-tədqiqat institutları, təhsil müəssisələri, alimlər, tədqiqatçılar və məsləhətçilər tərəfindən elmi araşdırmalar zamanı aşkarlanan zərərli orqanizmin ərazidə mövcudluğuna dair məlumatın verilməsi qaydası, Azərbaycan Respublikasının ərazisində zərərli orqanizmlərin aşkarlanmasına dair mümkün mənbələrdən məlumatların çevik toplanması, dəqiqləşdirilməsi, zərərli orqanizmin identifikasiyası və mövcudluğunun təsdiqi qaydaları, ümumi monitorinqlə bağlı elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, ictimai təşkilatlardan, alimlərdən, tədqiqatçılardan, məsləhətçilərdən, elmi jurnallardan məlumatların toplanması və təhlili ilə bağlı müddəalar ətraflı müzakirə edilib. Görüşdə Qanun layihəsində yer alan anlayışlar, yeni terminlər, laboratoriyalarda zərərli orqanizmin identifikasiyasının həyata keçirilməsi, mövcudluğunun və yayılma vəziyyətinin rəsmi təsdiqi qaydası, risk qiymətləndirmələrinin aparılmasında alim və mütəxəssislərin yaxından iştirakının məqsədəuyğunluğu, o cümlədən inteqrir mübarizə ilə bağlı alimlərin rəy və təklifləri dinlənilib. Qanun layihəsinin hazırlanmasının ölkədə bitki sağlamlığı sahəsində mövcud olan problemlərin həllində mühüm addım olması alim və mütəxəsislər tərəfindən xüsusi vurğulanıb. Görüşdə digər maraq doğuran suallar cavablandırılıb.

12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən bu günün məqsədi bitki sağlamlığının qorunmasının qlobal miqyasda əhəmiyyətini vurğulamaq və bu sahədə ictimaiyyəti maarifləndirməkdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizdə bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Qanun layihəsinin məqsədləri əsasəsn bitki xəstəliklərinə qarşı mübarizə metodlarını daha da təkmilləşdirmək, pestisidlərin, aqrokimyəvi maddələrin düzgün istifadəsini nəzarət altına almaq, kənd təsərrüfatı məhsullarının beynəlxalq tələblərə uyğunluğunu təmin etməkdir. Həmçinin bitki sağlamlığının təmin olunmasında Azərbaycan Qida Təhlükəsizlyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları xüsusi rola malikdir. Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq Laboratoriyalarında bitki xəstəliklərinin aşkar olunması istiqamətində ən müasir laborator sınaqlar həyata keçirir. Eləcə də fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə Səyyar Fitosanitar Laboratoriya fəaliyyət göstərir.

Bitki sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmlərdən qorumaq və onların mənbələrini vaxtında aşkarlamaq məqsədilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələrin aparılması, fitosanitar ekspertizaların keçirilməsi və profilaktik tədbirlərin görülməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən fitosanitar monitorinqlər davam etdirilir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən ilkin istehsal təsərrüfatlarında keçirilmiş fitosanitar monitorinqlər zamanı simptomlu bitki hissələrindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Müayinələr nəticəsində Şəki rayonunun Öryət və Çeşməli kəndləri ərazisində yerləşən tumlu-çəyirdəkli meyvə bağlarında karantin tətbiq edilən göbələk mənşəli Qonur monilioz çürümə xəstəliyi aşkarlanıb. Monitorinq zamanı həmçinin bağçılıq təsərrüfatlarında Qəhvəyi mərmər bağacığı, Şaftalı meyvəyeyəni, Qərb çiçək tripsi və Şərq meyvəyeyəni kimi karantin tətbiq edilən zərərvericilərin mövcudluğunu müəyyənləşdirmək məqsədilə feromon tələlər asılıb. Sahə aqronomu və texniki işçilərlə söhbətlər aparılıb, zərərvericilərlə mübarizə üsulları əks olunan maarifləndirici çap materialları paylanıb. Eyni zamanda təsərrüfat sahiblərinə və işçilərə pestisid və aqrokimyəvi maddələrin saxlanması, daşınması, tətbiq reqlamenti, o cümlədən istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə tövsiyələr verilib.