AQTA ictimai iaşə müəssisələrinin nümayəndələri üçün videokonfrans keçirib
4 Avqust 2020 18:40
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrinin nümayəndələri üçün Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Qərarının icrasının təmin olunmasına dair videokonfrans keçirib.
AQTA tərəfindən təşkil olunan videokonfransda DAİR Otellər və Restoranlar Assosiasiyasının əməkdaşları ilə yanaşı ictimai iaşə sahəsində çalışan müxtəlif müəssisələrin nümayəndələri iştirak edib. Görüşdə bildirilib ki, Nazirlər Kabinetinin qərarının icrasında ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Qeyd edilib ki, hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır.
Videokonfrans zamanı koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq və qüvvədə olan müştəri qəbulu normaları, qida qəbulu zallarında oturacaqların ara məsafəsi ilə bağlı məlumatlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Oxşar xəbərlər

Ölkə ərazisində fitosanitar monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqləri davam etdirir. Tədbirlər çərçivəsində Agentlik əməkdaşları Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə Culfa rayonu ərazisində yerləşən ümumi sahəsi 314 ha olan qarışıq meyvə bağında (üzüm, alma, badam, gilas, digər tumlu-çəyirdəkli meyvələr) fitosanitar monitorinq aparıb. Monitorinq zamanı zərərvericilərin erkən aşkarlanması məqsədilə feromon tələlər quraşdırılıb. Qeyd edək ki, bağda istehsal olunan üzüm məhsulu Rusiya Federasiyası və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur. Ölkə üzrə fitosanitar monitorinqlər davam etdirilir.

Bərdədə satış mağazasında yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Babək küçəsində fəaliyyət göstərən, Bayramov Ərşad Üzeyir oğluna məxsus pestisid, aqrokimyəvi maddə və toxum satışı mağazasında yoxlama keçirib. Baxış zamanı yararlılıq müddəti bitmiş toxum və herbisid aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Qızılı kartof nematodu nədir?
Nematodlar – torpaqda yaşayan mikroskopik qurdlardır və onların bəzi növləri kənd təsərrüfatı bitkiləri üçün təhlükəli hesab olunur. Bu zərərli orqanizmlər bitkilərin kök sisteminə daxil olaraq qidalanmanı və inkişafı pozur, nəticədə məhsuldarlıq azalır. Nematodlarla yoluxmuş sahələrdə məhsul itkisi, əlavə mübarizə xərcləri və torpağın keyfiyyətinin zəifləməsi müşahidə edilir. Nematodlar arasında ən təhlükəli növlərdən biri olan Qızılı kartof nematodu (Globodera rostochiensis (Woll.) Behrens) kartof əkini üçün xüsusi risk daşıyır. Bu nematod torpaqda uzun müddət aktiv qala bilir və bitkinin kök zonasına yerləşərək onun normal inkişafını zəiflədir. Yoluxmuş sahələrdə kartof bitkilərinin inkişafında zəifləmə, yarpaqlarda solma, yumruların say və ölçüsündə azalma və məhsulun bazar keyfiyyətində nəzərəçarpacaq enmə müşahidə olunur. Qızılı kartof nematodu birbaşa kartof yumrusuna daxil olmur. Lakin kök, kökə bitişik torpaq, həmçinin yumru səthinə yapışmış torpaq vasitəsilə bir sahədən digərinə yayıla bilər. Buna görə də onun aşkarlanması üçün vizual baxış kifayət etmir, bitkinin kökü və torpaq nümunələrinin laborator analizləri tələb olunur. Bu zərərli orqanizm “Azərbaycan Respublikası ərazisində məhdud dairədə yayılmış karantin tətbiq edilən zərərli orqanizmlər” (A2 qrupu) siyahısına daxildir və yayılmasının qarşısı dövlət fitosanitar nəzarəti tədbirləri çərçivəsində alınır. AQTA kartof istehsalçılarına və təsərrüfat subyektlərinə fitosanitar tələblərə ciddi əməl etməyi tövsiyə edir: • Yalnız sertifikatlaşdırılmış, sağlam və nematoddan azad toxum materialı istifadə edilməlidir; • Kənd təsərrüfatı texnikası bir sahədən digərinə keçirilərkən üzərindəki torpaq və bitki qalıqları təmizlənməli, zəruri hallarda isə yuyulmalıdır; • Növbəli əkin sisteminə riayət olunmalı, kartof eyni sahədə ardıcıl şəkildə əkilməməlidir; • Şübhəli hal müşahidə edildikdə, AQTİ-nin müvafiq laboratoriyasına müraciət edilməlidir. Bu kimi tədbirlərə əməl edilməklə həm kartof istehsalının qorunmasına, həm də ölkənin fitosanitar təhlükəsizliyinin təmin edilməsinə töhfə verilə bilər.