AQTA pepino mozaik virusunun yayılma yollarını açıqlayıb
6 Avqust 2021 10:18
Pepino mozaik virusu ilk dəfə 1980-ci ildə Peruda pepino bitkisində qeydə alınıb. 1999-cu ildə Hollandiyada və İngiltərədə pomidor istixanasında rast gəlinən virus 1999-2010-cu illər arasında Avropa, Şimali və Cənubi Amerikanın pomidor becərilən bölgələrində yayılaraq, pomidor istehsalında kifayət qədər məhsul itkisinə səbəb olub. Virusun Mərakeş, Cənubi Afrika, Misir, Çin, İsrail, Suriya, Türkiyə, Avstriya, Belçika, Bolqarıstan, Kipr, Danimarka, Norveç, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Litva, Hollandiya, Polşa, Serbiya, İspaniya, İsveçrə, İsveç, Slovakya, Ukrayna, Kanada, Meksika, ABŞ, Ekvador, Peru, Çili və Böyük Britaniyada yayıldığı məlumdur. Virus Misir, Braziliya və Gürcüstanda A1 siyahısına salınıb. 2012-ci ildən EPPO-da, 2016-cı ildən isə Türkiyədə A2 siyahısına daxil edilib
Pepino mozaik virusu 508 nm uzunluğunda olub çöpşəkilli quruluşdadır. Genomu təxminən 6,4 kb uzunluğunda ssRNT molekulundan ibarətdir. İndiyə qədər virusun 5 ana genotipi müəyyən edilib. Yoluxmuş bitkilərin yarpaqları, kökləri və meyvələri yüksək konsentrasiyada virus daşıya bilər. PepMV olduqca stabil bir virusdur və fərqli şəraitdə uzun müddət yoluxma qabiliyyətini qoruyub saxlaya bilir. Otaq temperaturunda nisbətən stabil qalır, sirayətlənmiş səthlərdə və bitki qalıqlarında həftələrlə virulentliyini saxlayır. Quru bitki materialında 3 ay qala bilir. Köklərdən çıxan virus hissəciklərinin torpağa və ya drenaj suyuna qarışması ehtimalı yüksəkdir. Virus geyimdə ən azı 14 gün yoluxuculuq qabiliyyətini saxlayır.
Pepino mozaik virusu badımcançiçəklilər fəsiləsinə aid olan bitkiləri sirayətləndirir. Daha çox pomidorda rast gəlinməsi və simptomların kəskin nəzərə çarpması ilə əlaqədar hazırda virusun əsas sahib bitkisi pomidor hesab edilir. Lakin badımcan və adi reyhan bitkilərində də virusun əlamətləri müşahidə edilir. Bununla yanaşı, son illərdə, xüsusən, Avropada virusun yayılma arealı genişləndikcə sahib bitkilərin də sayı artır. Bibər, sarımsaq və lobya bitkiləri mexaniki sirayətlənsə də onlar virusun əsas sirayətlənən bitkisi hesab edilmir. Badımcançiçəklilər, Pəncərçiçəklilər, Göyzəbankimilər, Tərəçiçəklilər, Sarmaşıqkimilər, Mürəkkəbçiçəklilər, Əməköməcikimilər, Bağayarpağıkimilər və Taxıllar fəsiləsinə mənsub olan bir sıra alaq otları da pepino mozaik virusunun sahib bitkiləri siyahısındadır.
Təbii şəraitdə bitki şirəsində 1 həftə, şirə 20°C-də saxlanıldıqda 3 ay, infeksiyalı bitkinin kök hissəciklərində 4 həftə, nəm şəkildə 10°C-də saxlanıldıqda 3 ay, silikogeldə qurudulmuş yarpaqlarda 6 ay, yarpaqlar 20°C-də saxlanıldıqda 2 il, şüşə səthdə 15°C-də 3 həftə və 25°C-də isə 4 gün yoluxma qabiliyyətini itirmir. Lakin virus 70°C-də inaktiv hala gəlir və yoluxma qabiliyyətini itirir.
Virusun ölkələr arasında yayılmasında toxum ticarəti mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, pepino mozaik virusu sirayətlənmiş toxumlarla yayılır. Lakin şitil və meyvələrlə də yayılması istisna edilmir. Həmçinin idxal prosesi zamanı sirayətlənmiş qablaşdırma materialları və təmas yolu ilə də yayıla bilir.
Sirayətlənmiş bitkidən sağlam bitkiyə mexaniki və təmas yolu ilə yayıldığından şitil təsərrüfatında əhəmiyyətli itkilərə səbəb olur. Simptomlar hər zaman aydın nəzərə çarpmadığından, virusun tez və gizli şəkildə yayılma təhlükəsi var. Virusun bitkilərin meyvələrində yaratdığı simptomlar səbəbindən məhsul istehlak dəyərini itirir. Ona görə də bu cür məhsullar məhv edilərək həmin təsərrüfatlarda bitki sağlamlığı ilə bağlı zəruri tədbirlər həyata keçirilməli, dezinfeksiya işləri aparılmalı və mütəxəssisin nəzarəti altında mərhələli olaraq sağlamlaşdırma tədbirləri davam etdirilməlidir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş