AQTA sahibkarları əməkdaşlığa dəvət edir
10 Avqust 2020 17:15
Qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlara dəstək layihəsi”nin icrasına başlanır.
Layihənin həyata keçirilməsində məqsəd qida zənciri boyunca fəaliyyat göstərən subyektlərin öz müraciəti əsasında uyğunsuzluqların aradan qaldırılmasında sahibkarlıq subyektlərinə dəstək göstərməkdir.
Eyni zamanda, ölkəmizdə istehsal olunan məhsulların beynəlxalq tələblərə cavab verməsi üçün müasir idarəetmə sistemlərinin tətbiqi, beynəlxalq sertifikatların alınması və ümumilikdə, qida zəncirinin bütün mərhələləri üzrə sahibkarlıq subyektlərinə dəstək göstərilməsi layihənin qarşıya qoyduğu məqsədlər sırasındadır.
Layihə çərçivəsində sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun qiymətləndirilməsi, aşkar olunan nöqsanların aradan qaldırılmasına dəstək verilməsi, infrastruktur və idarəetmə üzrə təlim və məsləhət xidmətlərinin göstərilməsi, texniki normativ hüquqi aktların tələbləri barədə təlimlərin keçirilməsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən müvafiq laboratoriyalarda məhsulların laborator analizlərinin aparılması, Global G.A.P., İSO 22000 və digər beynalxaq sertifikatların alınmasına köməklik göstərilməsi, dəyər zəncirinin bütün mərhələləri üzrə sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsi nəzərdə tutulmuşdur.
Layihə qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərini əhatə edir.
Layihə üzrə sahibkarlara göstəriləcək xidmətlər çərçivəsində sahibkarlıq subyektləri öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmağa, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqinə, istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin yerli, eləcə də xarici bazarlarda rəqabətqabiliyyətliliyini artırmağa, beynəlxalq sertifikatlar əldə etməyə, xarici bazarlara çıxışın asanlaşmasına nail olacaqlar. Həmçinin sonradan aparılan yoxlamalar çərçivəsində inzibati tənbehvermə və məhdudlaşdırıcı tədbirlərə dair qərarların verilməsi riski azalacaqdır.
Layihədə iştirak etmək üçün sahibkarlar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (Əlaqələndirici şəxs: Emin Bəylərov, tel.: 5651272, daxili: 980, mob.: 0556709492, e-poçt: emin.beylerov@afsa.gov.az; Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 185b, AZ1029) müraciət edə bilərlər.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı qışlama ocaqlarının aşkar edilməsi və məhv edilməsi məqsədilə monitorinq tədbirləri davam etdirilir. Monitorinqlər Balakən, Zaqatala və Qax rayonları ərazilərində həyata keçirilir. Bu çərçivədə zərərvericinin qışlama ehtimalı olan yaşayış evləri, yardımçı tikililər, anbarlar və təsərrüfat sahələri, eləcə də digər potensial sığınacaq yerlərinə baxış keçirilir. Aşkar edilən qəhvəyi mərmər bağacığı fərdləri mexaniki üsulla məhv olunur. Eyni zamanda vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, zərərvericinin yaratdığı təhlükələr və düzgün mübarizə üsulları izah edilir, ictimaiyyətin bu prosesdə fəal iştirakının vacibliyi vurğulanır. Monitorinq və maarifləndirmə tədbirləri məktəblərdə, uşaq bağçalarında, kənd icra nümayəndəliklərində və insanların kütləvi toplaşdığı digər ictimai məkanlarda da həyata keçirilir.
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib
Tovuzda dövlət qurumlarının iştirakı ilə “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Samux və Göygöl rayon icra hakimiyyətlərinin rəhbərləri, bu rayonlarda müvafiq sahə üzrə çalışan mütəxəssislər iştirak ediblər. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, qarşıda duran ən mühüm məsələlərdən biri qəhvəyi mərmər bağacığına qarşı mübarizənin cari vəziyyətini dəyərləndirmək və gələcəkdə atılacaq addımların effektivliyini təmin etməkdir. 2026-cı ilin qışlama dövrü üçün mübarizə tədbirlərinin davam etdiyini vurğulayan Məcnun Məmmədov artıq 31 rayon üzrə 12 min 630 nöqtədə monitorinqlər aparıldığını, 3 minə yaxın ocaqda kimyəvi mübarizənin başa çatdırıldığını deyib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib. Müşavirədə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Xaçmazda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib
Xaçmazda dövlət qurumlarının iştirakı ilə “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xaçmaz, Quba və Qusar rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, son dövrlərdə qəhvəyi mərmər bağacığı ölkəmizin ixrac potensialında mühüm yer tutan meyvəçilik, xüsusilə fındıqçılıq sektoru üçün birbaşa və ciddi təhdid formalaşdırır. Zərərvericinin artıq Şəki-Zaqatala iqtisadi rayonu ilə yanaşı, Quba-Xaçmaz bölgəsinin meyvə bağlarında da müşahidə olunduğunu qeyd edən nazir xüsusilə Xaçmaz, Quba və Qusar rayonlarında qəhvəyi mərmər bağacığının populyasiya sıxlığının artdığını vurğulayıb. Bağacığa qarşı mübarizə tədbirlərinin effektivliyini qorumaq üçün bioloji mübarizə imkanlarının tətbiqi, əkin sahələri və kənd ətrafı meşəliklərin vegetasiya dövründə planlı dərmanlanması, məlumatlandırma tədbirlərinin genişləndirilməsi və könüllü dəstələrin prosesə cəlb edilməsinin vacibliyi qeyd olunub. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib. Müşavirədə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Giriş