AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb
16 Aprel 2024 11:27
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqlər həyata keçirir.
Bu çərçivədə Agentliyin fitosanitar müfəttişləri Ağdam, Ağcabədi və Bərdə rayonlarının ərazisində yerləşən 25 soğan təsərrüfatında monitorinqlər aparıb. Ağdam rayonunda saxlanma yerlərindəki soğanın çürüməsi barədə daxil olan müraciət və Milli Monitorinq Planına əsasən həyata keçirilən monitorinqlər zamanı torpaqdan, həmçinin yetişdirilən və 2 anbarda saxlanılan soğan məhsulundan nümunələr götürülüb. 78-i karantin-ekspertiza, 67-si PZR olmaqla, ümumilikdə 145 nümunə müvafiq laboratoriyaya təqdim edilib. Laborator müayinələrin nəticələrinə əsasən, 1 təsərrüfatdan götürülmüş torpaq nümunəsində qızılı kartof nematodu, 2 anbardan götürülmüş nümunədə qara kiflilik, 1 təsərrüfata məxsus sahədən götürülmüş məhsulda soğan kök gənəsi, 6 təsərrüfatda tütün tripsi, 6 təsərrüfatda isə soğan yarpağının çürüməsi xəstəliyi aşkarlanıb.
Laborator nəticələrin, o cümlədən simptomların təhlili göstərir ki, hazırda soğan sahələrində mövcud olan problemin əsas səbəbi tütün tripsi (Thrips tabaci) və onun zədələdiyi toxumalarda inkişaf edən göbələk mənşəli ikincili infeksiya-soğan yarpağının çürüməsi (Stemphylium vesicarium) xəstəliyidir. Bununla yanaşı, tütün tripsi əsas olmaqla, digər sorucu həşəratların səbəb olduğu göbələk və virus mənşəli bitki xəstəliklərinin, eləcə də soğan məhsulunun saxlama şərtlərinə əməl edilməməsinin bu problemi yaratdığı istisna olunmur.
AQTA soğan yetişdirən təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, tütün tripsi ilə mübarizə məqsədilə zərərverici ilə sirayətlənmiş bitki qalıqları sahədən çıxarılmalı və məhv edilməli, sahə alaq otlarından təmizlənməlidir. Mübarizənin səmərəli təşkil olunması üçün yetkin fərdlərin çıxışının dəqiq müəyyən edilməsi məqsədilə feromon tələlərdən istifadə olunması məqsədəuyğundur. Bitkinin 3-5 yarpaq mərhələsində bir bitkidə 6-10 sürfə aşkar edilərsə, kimyəvi mübarizəyə başlanıla bilər. Kontakt təsirli preparatların nimfalara qarşı həmişə effektli olmaması nəzərə alınaraq, kimyəvi mübarizənin preparatın istifadə təlimatına uyğun olaraq müəyyən intervalla təkrarlanması tövsiyə edilir. Həmçinin yetkin fərdlərdə və sürfələrdə davamlılığın yaranmaması məqsədilə kontakt və sistem təsirli insektisidlərdən növbəli şəkildə və tətbiq reqlamenti nəzərə alınmaqla istifadə edilməlidir. Eyni zamanda tütün tripsi aşkarlanan sahələrdə ən azı 3 il ərzində növbəli əkin həyata keçirilməlidir. Payızda torpaq dərin şumlanmalıdır.
Qeyd edək ki, tütün tripsinin yetkin fərdləri və sürfələri bitkinin şirəsi ilə qidalanır. Tütün tripsi saxlama zamanı məhsulun yaşıl yarpaqları ilə yanaşı, soğanağa da zərər verir. Sürfə bitki qalıqlarında, sahib bitkilərdə, torpağın üst qatında, eyni zamanda anbarlarda saxlanılan soğan məhsulunun quru pulcuqlarının altında qışlayır.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı qışlama ocaqlarının aşkar edilməsi və məhv edilməsi məqsədilə monitorinq tədbirləri davam etdirilir. Monitorinqlər Balakən, Zaqatala və Qax rayonları ərazilərində həyata keçirilir. Bu çərçivədə zərərvericinin qışlama ehtimalı olan yaşayış evləri, yardımçı tikililər, anbarlar və təsərrüfat sahələri, eləcə də digər potensial sığınacaq yerlərinə baxış keçirilir. Aşkar edilən qəhvəyi mərmər bağacığı fərdləri mexaniki üsulla məhv olunur. Eyni zamanda vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, zərərvericinin yaratdığı təhlükələr və düzgün mübarizə üsulları izah edilir, ictimaiyyətin bu prosesdə fəal iştirakının vacibliyi vurğulanır. Monitorinq və maarifləndirmə tədbirləri məktəblərdə, uşaq bağçalarında, kənd icra nümayəndəliklərində və insanların kütləvi toplaşdığı digər ictimai məkanlarda da həyata keçirilir.
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib
Tovuzda dövlət qurumlarının iştirakı ilə “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Samux və Göygöl rayon icra hakimiyyətlərinin rəhbərləri, bu rayonlarda müvafiq sahə üzrə çalışan mütəxəssislər iştirak ediblər. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, qarşıda duran ən mühüm məsələlərdən biri qəhvəyi mərmər bağacığına qarşı mübarizənin cari vəziyyətini dəyərləndirmək və gələcəkdə atılacaq addımların effektivliyini təmin etməkdir. 2026-cı ilin qışlama dövrü üçün mübarizə tədbirlərinin davam etdiyini vurğulayan Məcnun Məmmədov artıq 31 rayon üzrə 12 min 630 nöqtədə monitorinqlər aparıldığını, 3 minə yaxın ocaqda kimyəvi mübarizənin başa çatdırıldığını deyib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib. Müşavirədə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Xaçmazda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib
Xaçmazda dövlət qurumlarının iştirakı ilə “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xaçmaz, Quba və Qusar rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, son dövrlərdə qəhvəyi mərmər bağacığı ölkəmizin ixrac potensialında mühüm yer tutan meyvəçilik, xüsusilə fındıqçılıq sektoru üçün birbaşa və ciddi təhdid formalaşdırır. Zərərvericinin artıq Şəki-Zaqatala iqtisadi rayonu ilə yanaşı, Quba-Xaçmaz bölgəsinin meyvə bağlarında da müşahidə olunduğunu qeyd edən nazir xüsusilə Xaçmaz, Quba və Qusar rayonlarında qəhvəyi mərmər bağacığının populyasiya sıxlığının artdığını vurğulayıb. Bağacığa qarşı mübarizə tədbirlərinin effektivliyini qorumaq üçün bioloji mübarizə imkanlarının tətbiqi, əkin sahələri və kənd ətrafı meşəliklərin vegetasiya dövründə planlı dərmanlanması, məlumatlandırma tədbirlərinin genişləndirilməsi və könüllü dəstələrin prosesə cəlb edilməsinin vacibliyi qeyd olunub. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib. Müşavirədə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Giriş