AQTİ laboratoriyalarında tələbələrə nəzəri və təcrübi biliklər öyrədilir
8 Aprel 2021 15:00


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığı davam etdirir. Əməkdaşlıq çərçivəsində Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin sonuncu kurs tələbələri müəyyən olunmuş vaxtlarda AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalarda təcrübə keçirlər.
Təcrübəyə cəlb olunan tələbələr qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı ilə bağlı laboratoriyalarda müayinələrin aparılmasında, həmçinin nəzəri və təcrübi biliklərin öyrənilməsində iştiak edirlər. Təcrübə zamanı tələbələr nümunə hazırlığı proseslərində iştirak edir, maye xromotoqrafiya, UV- spektrofotometr və infraqırmızı spektrofotometr kimi yüksək həssaslığa malik cihazların iş prinsipləri ilə tanış olaraq, həmin cihazlarda işləmə vərdişlərinə yiyələnirlər.
Eyni zamanda əlavə ekspress metod olan PZR cihazı vasitəsi ilə patogen və qeyri-patogen mikroorqanizmlərin təyini, ət və ət məhsullarında mənşə təyinində iştirak edən ATU-nun təcrübəçi tələbələri bəzi qida məhsullarında GMO analizlərinin aparılması prinsiplərini də öyrənir.
Qeyd edək ki, AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalarda aparılan analizlər yüksək dəqiqliklə işləyən cihazlarla, müasir metodlarla həyata keçirilir ki, bu da tələbələrin analiz proseslərində iştirak etməsi və proseslərlə yaxından tanış olması baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Onlayn formatda keçirilən görüşdə son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya daxil olan müvafiq bildirişlər barədə sahibkarlara məlumat verilib. Qeyd olunub ki, məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi dayandırılıb və hazırda həmin təsərrüfatlarda monitorinqlər həyata keçirilməkdədir. Görüşdə ixrac zamanı beynəlxalq ticarət qaydalarına və məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməsi, eyni zamanda təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi və qanunvericiliyin tələbləri bir daha sahibkarların diqqətinə çatdırılıb. Sonda sahibkarların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

AQTA bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib
Son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya müvafiq bildirişlər daxil olub. Məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi Agentlik tərəfindən dayandırılıb, həmin təsərrüfatlarda monitorinqlərə başlanılıb. AQTA bununla bağlı bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, ixrac zamanı məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir. Sahibkarlar bununla bağlı hər hansı peşəkar dəstək və metodiki köməklik üçün AQTA-nın 1003 “Çağrı Mərkəzi” və ya 012-377-00-77 (daxili 238, 215) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Salyan rayonunun Yolüstü kəndində yerləşən, Abuzərov Arif Safalı oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı obyektdə ümumi çəkisi 1359.8 kq və 297.15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb. Eyni zamanda məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilib, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.
