AQTİ vakant yerlərə işçi qəbulu elan edir
20 İyun 2020 11:00

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyi sisteminin səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi, qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi ilə bağlı tələb olunan sənədlərin və tövsiyələrin hazırlanması, məsləhətlərin verilməsi və təlimlərin keçirilməsi, layihələndirmə-dizayn və konsaltinq işlərinin aparılması məqsədilə müvafiq ixtisasa yiyələnmiş və ya beynəlxalq sertifikatı olan ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
Qeyd edilən məsələlərlə bağlı qida mühəndisi, həkim–gigiyenist, baytar həkim, fitosanitar və memar ixtisası olan namizədlər müraciət edə bilərlər. Namizədlər mövzu yerində mütəxəssisi olduğu sahənin adını qeyd etməklə anket formasını 10.07.2020-ci il tarixinədək food.ekspert@afsa.gov.az ünvanına göndərməlidirlər.
Namizədlərdən tələb olunan bilik və bacarıqlar:
Qida mühəndisi aşağıdakıları bilməlidir:
Qida məhsullarının istehsalı texnologiyası, daşınması, qəbulu, saxlanması, emalı və qablaşdırma qaydasını;
Qida məhsulları ilə birbaşa təmasda olan müxtəlif tipli materiallara olan tələblər və onlardan düzgün istifadə qaydalarını;
Qida məhsulları üçün etiket məlumatlarının tərtibi qaydalarını;
İstehsal sahəsində istifadə olunan avadanlıq və ləvazimatların təsnifatı və təyinatını;
İstehsalda istifadə olunan kimyəvi təmizlik maddələrinin təsnifat və istifadə qaydalarını;
Dövlət standartları, İSO, HACCP qaydalarını;
GMP (Good Manufacturing Practices - yaxşı istehsalat təcrübəsi) və GHP (Good Hygiene Practices – yaxşı gigiyena təcrübəsi) proqramlarını;
HACCP sistemi (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) çərçivəsində istehsal müəssisələrində tətbiq olunan qida təhlükəsizliyi sistemi sənədlərinin hazırlanması və idarə olunması qaydalarını;
İstehsal sahələri və ictimai iaşə müəssisələrində sanitariya və gigiyena qaydalarının nəzəri və praktiki tətbiqi üsullarını;
Həkim–gigiyenist aşağıdakıları bilməlidir:
Sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə riayət edilməsinə, sanitariya-gigiyenik və epidemiya əleyhinə (profilaktik) tədbirlərin təşkili və aparılmasına nəzarəti həyata keçirmə qaydalarını;
Qida təhlükəsizliyi sahəsində bina və tikililərin tikintisi üçün torpaq sahələrinin seçilməsi və ayrılması, tikinti layihələrinin sanitariya-epidemioloji ekspertizası, tikintisi başa çatmış obyektlərin istismara verilməsi qaydalarını;
Qida mənşəli xəstəliklərin və qida zəhərlənmələrinin yaranmasına səbəb olan mikroorqanizmlər haqqında məlumatlı olmaqla, əhali arasında qida zəhərlənmələrinin baş verməsi, yayılmasının səbəbləri və şəraitini müəyyən etmək, qida zəhərlənməsi hallarının təhqiqatını aparmaq qaydalarını;
Qida məhsullarının sanitariya-epidemioloji ekspertizası, sanitariya-gigiyenik araşdırma, müayinə, tədqiqat, sınaq, eləcə də tibbi-profilaktik (dezinfeksiya, dezinseksiya, deratizasiya), toksikoloji, gigiyenik və digər qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi qaydalarını;
Qida təhlükəsizliyi sahəsində tərtib edilən sənədlərin sanitariya-epidemioloji nöqteyi-nəzərdən araşdırılması, qiymətləndirilməsi, vaxtında və keyfiyyətli rəsmiləşdirilməsi qaydalarını;
Baytarlıq üzrə mütəxəssis aşağıdakıları bilməlidir:
Baytarlıq ləvazimatını və baytarlıq apteklərində dərmanların gigiyenik qaydalara uyğun saxlanması qaydalarını;
Heyvandarlıq binalarının dezinfeksiya edilməsi, xəstə heyvanların izolyatorlarda müalicəsi, ölmüş heyvanlar üçün “yarma protokolunu”n tərtib edilməsi və utilizasiyası qaydalarını;
Yoluxucu xəstəliklərin müəyyən edilməsi və qarşısını almaq üçün lazımi profilaktiki tədbirlərin həyata keçirilməsi qaydalarını;
Baytarlıq-sanitariya və müalicə-profilaktika işlərinin baytarlıq nizamnamələri və müvafiq təlimatlar əsasında aparılma qaydalarını;
Heyvandarlıq sahəsində bina və tikililərin ayrılması, inşa üçün torpaq sahələrinin seçilməsi, heyvandarlıq müəssisələrinin istismara verilməsi qaydalarını;
Təsərrüfatda heyvandarlıq məhsullarının saxlanmasına və diri heyvanların satışına nəzarətin aparılması qaydalarını;
Balıq yetişdirmə nohurlarında və arıxanalarda baytarlıq-sanitariya qaydalarını;
Balıq və arı xəstəliklərinə qarşı aparılan müalicə tədbirlərini;
Fitosanitariya üzrə mütəxəssis aşağıdakıları bilməlidir:
Karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün fitosanitar tədbirlərin təşkili və həyata keçirilməsi qaydalarını;
Bitki və bitkiçilik məhsullarının istehsalı, yığılması, tədarükü, satışı, saxlanması və daşınması zamanı fitosanitar normalara əməl edilməsi qaydalarını;
Fitosanitar nəzarətində olan karantin obyektlərinin təhlükəsizliyinə nəzarət edilməsi, zərərli orqanizmlərlə sirayətlənmənin başvermə və yayılma səbəbləri və şəraiti üzrə müşahidənin aparılması, onların qarşısının alınması və ləğvi üçün icrası məcburi olan fitosanitar tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsi qaydalarını;
Pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istehsalı, idxalı, ixracı, saxlanması, satışı və tətbiqi qaydalarını;
Əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması və kartoqramların hazırlanması qaydalarını;
Bitkilərin becərilməsi, suvarılması, texnoloji işlərin fasiləsiz və vaxtında aparılması qaydalarını;
Zərərvericilərə qarşı mübarizə işlərini, mineral və üzvi gübrələrin saxlanması və sahələrə verilməsi qaydalarını;
Bitkiçilik sahəsində əməyin təhlükəsizliyi və texnikanın təhlükəsiz istismarı, ekoloji mühitin qorunması qaydalarını;
Memar aşağıdakıları bilməlidir:
Qida sahəsində fəaliyyət göstərən müəssisələrdə qida təhlükəsizliyinə dair standartların tələblərini və konsaltinq xidmətlərinin göstərilməsinə dair məlumatları;
Qida məhsulları sahəsində fəaliyyət göstərən müəssisələrin yerli və beynəlxalq standartların tələblərinə uyğun dizaynı və layihələndirilməsini;
Qida təminatı müəssisələrinin texnoloji axın ardıcıllığı prinsiplərinə uyğun əsas və yardımçı sahələrinin bölgüsü ilə bağlı işin təşkil olunması qaydalarını;
Müəssisələrin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması prosesi ilə bağlı məsləhətlərin verilməsi sahəsində təcrübəni;
Müəssisələrin texnoloji layihələndirilməsi mərhələlərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu barədə məlumatı.
Oxşar xəbərlər

Ukraynanın istehsalçı şirkətlərinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Ukraynanın istehsalçı şirkətləri "Zagotservice" MMC”, "Myasodar" MMC, "Shidzahid" MMC (“East West” MMC), "Verbivske" MMC-yə məxsus dondurulmuş mal əti və "Lutsk Agricultural Company" MMC-yə məxus dondurulmuş toyuq əti məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalçı müəssisələrdə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib. Ukrayna tərəfindən baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq sözügedən istehsalçıların respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müvafiq məlumat verilib.

Türkmənistandan pomidor məhsulu idxalına məhdudiyyət qoyulub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin laborator müayinəsi nəticəsində 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb. Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub, Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib. Qeyd edək ki, pomidor meyvələrinin qonur qırışıqlıq virusuna əsasən pomidor, badımcan, bibər, tütün kimi bitkilərdə rast gəlinir. Sirayətlənmə dərəcəsindən asılı olaraq pomidor təsərrüfatlarında 30-70% məhsul itkisinə səbəb olur. Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır. Bu bitki virusu beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.

”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Nutrisiologiya və Diyetologiya Assosiasiyasının (NUDİA) birgə həyata keçirdiyi "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi davam edir. Bu layihə çərçivəsində növbəti tədbir Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfdaşlığı ilə mayın 6-da Yeni Klinikada keçirilib. "Möcüzə Qida – Ana Südü" konfransında ana südünün insan sağlamlığında rolu, bu sahədəki elmi yanaşmalar və real həyat təcrübələri peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə olunub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Ramazan Nəbiyev açılış nitqi ilə çıxış edib. Qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət istiqamətinə uyğun olaraq, qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsini həyata keçirməklə bərabər, istehlakçıların maarifləndirilməsi istiqamətində də müxtəlif tədbirlər icra edir. Bu məqsədlə həyata keçirilən növbəti genişmiqyaslı maarifləndirmə tədbiri "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsidir. Bu layihə sağlamlığına dəyər verən, qidalanmasına diqqət edən hər kəs üçün bir çağırışdır deyə bilərik. Elmi əsaslarla sübut olunmuşdur ki, sağlam qidalanma qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında əsas amillərdən biridir. “Əsas məqsədimiz sağlam və təhlükəsiz qidalanmanı davamlı bir davranış modelinə çevirməkdir. Layihə ümumilikdə hər bir vətəndaşı hədəf alır, çünki sağlam və təhlükəsiz qidalanma hər kəsin həyatı və sağlamlığı üçün vacibdir. Bu gün burada toplanmağımızın məqsədi insan həyatının ən vacib dövrlərindən biri olan erkən uşaqlıq mərhələsində ana südünün əvəzedilməz rolunu bir daha xatırlatmaq, bu sahədəki elmi yanaşmaları paylaşmaq və cəmiyyətimizi bu mövzuda daha da maarifləndirməkdir”– deyə Ramazan Nəbiyev əlavə edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İxtisaslı Tibbi Xidmətin Departament rəhbəri Nəzrin Mustafayeva bildirib ki, bu gün ölkəmizin gələcək inkişafı planında səhiyyə sektorunun əsas fəaliyyətlərinin mərkəzində körpə sağlamlığının qorunması və inkişafı dayanır ki, bu məqsədə çatmaq üçün yol məhz bugünkü mövzulardan, müzakirələrdən başlayır. “Respublikanın səhiyyə xidmətinin böyük qismini təmin edən, habelə doğuşayardım və neonatal xidmətin əsas aparıcı müəssisəslərini idarə edən bir qurum olaraq, bu sahədə olduqca əhəmiyyətli fəaliyyətləri icra etmişik. 5 müəssisə son bir ildə olmaqla ümumilikdə 15 “körpə dostu” klinikası təyin edilmişdir. Bu siyasətlərin mərkəzində əsas olaraq, doğuşdan sonrakı ilk saat ərzində dəri təması və ana südü ilə qidalanmaya başlamaqdır” - deyə Nəzrin Mustafayeva vurğulayıb. Konfrans AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxovanın moderatorluğu ilə panel müzakirələrlə davam edib. Validə Sadıxova vurğulayıb ki, ana südünün tərkibinin nə qədər zəngin olduğunu subut edən çox sayda tədqiqatlar var. “Bizi ən çox təəccübləndirən ana südünün tərkibinin adaptiv bir maye olmasıdır. Bu həqiqətən də möcüzəvi bir qidadır. Ananın orqanizmi körpənin tələbatına, sağlamlıq vəziyyətinə uyğun süd istehsal edə bilir”. Uzman pediatr Əkbər Quliyev, uzman ginekoloq Emin Haqverdiyev, ÜST-nin nümayəndəsi Elturan İsmayılov, psixoloq-psixosomatik İradə İmanova "Ana südünün əhəmiyyəti" mövzusunda fikirlərini bölüşüblər. Tibb elmləri doktoru Nurəngiz Hacıyeva, uzman cərrah-ginekoloq Şəlalə Məmmədova, həkim-diyetoloq Tutu Zeynalova, mütəxəssis-mama Turanə Türkoğlu isə “Ana südü və anaların təcrübəsi: Reallıq və Çağırışlar” panelində çıxış ediblər.