Azərbaycandan gilas tinglərinin Özbəkistana ixracına icazə verilib
6 Aprel 2026 17:11
Azərbaycan Respublikasından yerli gilas tinglərinin Özbəkistan Respublikasına ixracına icazə əldə olunub.
Gilas tingləri fitosanitar baxımdan yüksək riskli məhsul hesab olunduğundan, ixracdan əvvəl beynəlxalq standartlara uyğun ətraflı fitosanitar risk qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı potensial karantin zərərvericiləri, onların yayılma yolları və risklərin azaldılması tədbirləri geniş təhlil olunub.
Aparılmış qiymətləndirmənin nəticəsinə əsasən, müəyyən edilmiş ciddi fitosanitar tələblərə riayət olunmaqla gilas tinglərinin Özbəkistana ixracının mümkün olduğu müəyyən edilib.
Qeyd edək ki, ixrac yalnız Özbəkistanın müvafiq qurumları tərəfindən dövlət reyestrində qeydiyyata alınmış tingçilik təsərrüfatları tərəfindən həyata keçirilə bilər. Bu məqsədlə sahibkarlar qeydiyyat üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməlidirlər. Sözügedən ixrac icazəsi ölkənin ixrac potensialının artırılmasına, tingçilik sektorunun inkişafına və kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Oxşar xəbərlər
İstifadəyə yararsız pestisidlər dövriyyədən çıxarılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan rayonu, Qarabağlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Baloğlanov Asif Balasəf oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nəzarət tədbiri keçirib. Ticarət obyektində istehsal və son istifadə müddəti qeyd olunmayan, qeydiyyata alınmayan, istifadəsi qadağan olunmuş və müddəti bitmiş məhsullar aşkarlanıb. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, istifadəyə yararsız “Lamd-il-T 5 EC”, “Lambd-il-T 5 EC” və “Alfatoks 100 EC” əmtəə nişanlı insektisid, “Fundazol Plus 50%”, “Alfostar 80% WP” və “Thiram Forte 80% WP” əmtəə nişanlı fungisid məhsullarının dövriyyədən çıxarılmasına dair qərar qəbul edilib.
Xaçmazda pestisid və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət tədbirləri keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Nərəcan, Çinartala, Pirquluoba və Əhmədoba kəndlərində, eləcə də Yeni Həyat qəsəbəsində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarlarında və satış obyektlərində monitorinqlər aparılıb. Monitorinqlər zamanı preparatlar saxlanma və satış şəraiti, sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə uyğunluğu, dövlət qeydiyyatı, etiketlənməsi, keyfiyyət göstəriciləri və yararlılıq müddətləri yoxlanılıb. Baxış zamanı bəzi obyektlərdə hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş məhsullar aşkar edilib. Həmin preparatların satışının qarşısı alınıb və qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb. Həmçinin sahibkarlıq subyektlərinə uyğunsuzluqların aradan qaldırılması məqsədilə icrası məcburi göstərişlər verilib.
AQTA yanında Məşvərət Şurasının üzvü pestisidlərin təhlükəsiz istifadəsi ilə bağlı vacib məqamlara diqqət çəkib - VİDEO
Pestisidlərin, aqrokimyəvi maddələrin və gübrələrin keyfiyyətinin qorunması, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi üçün düzgün saxlanılması və elmi əsaslara uyğun tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu məhsullar istehsalçının müəyyən etdiyi temperatur və rütubət şəraitində, müvafiq tələblərə cavab verən xüsusi anbarlarda və orijinal qablaşdırmalarında saxlanılmalıdır. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurasının üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının üzvü Mehmet Manavoğlu bildirib. Onun sözlərinə görə, saxlanma və tətbiq qaydalarına düzgün riayət edilməsi aqrokimyəvi məhsulların keyfiyyətinin qorunmasına, insan sağlamlığına və ətraf mühitə yarana biləcək risklərin minimuma endirilməsinə xidmət edir. Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş