Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu başa çatıb
22 May 2024 16:39
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı Bakıda keçirilən ikigünlük “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu başa çatıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbir çərçivəsində bu gün “Meyvə istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “İstixanada zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “Birillik bitkilərin istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri” və “Bitki mühafizəsi vasitələrindən düzgün istifadə və bioloji mübarizə üsullarının tətbiqi” mövzularında sessiyalar təşkil olunub. Sessiyalar zamanı mütəxəssislər tərəfindən müxtəlif mövzularda çıxışlar olub, müzakirələr aparılıb, suallar cavablandırılıb. Dünən isə “İqlim dəyişikliyi şəraitində dayanıqlı kənd təsərrüfatı təcrübələrinin zərərli orqanizmlərlə mübarizədə rolu: COP29 konteksində” və “Bitki sağlamlığında elmi-tədqiqatlar və kadr potensialı” mövzularında sessiyalar keçirilib. Fitosanitar Ekspertlər Qrupu təsis edilib.
Qeyd edək ki, forum bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsi məqsədilə keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər iştirak edib, çıxışlar olub. Ölkəmizdə aqrar sahədə aparılan islahatlardan, bitkiçiliyin inkişafı istiqamətində görülən işlərdən və bu sahədə əldə edilən nailiyyətlərdən danışılıb. Respublikamızda bitki sağlamlığı sisteminin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi istiqamətində aidiyyatı qurumlar tərəfindən görülən işlər və nəzərdə tutulan hədəflər yüksək qiymətləndirilib. “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunun ölkəmizdə və regional miqyasda bitki sağlamlığının, bununla da ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəyinə əminlik ifadə edilib.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
AQTA-da YAP-ın VIII Qurultayına həsr olunmuş görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib. Görüşdə AQTA-nın sədr müavini Əziz Şərifov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqinin ana xəttini təşkil edən əsas məqamlardan biri "Güclü dövlət – müasir idarəetmə" prinsipidir. Vurğulayıb ki, bu gün Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm geosiyasi və geoiqtisadi aktorlarından biri kimi çıxış edir. Sədr müavini bildirib ki, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi və regional proseslərdə rolunun artması Azərbaycanın geosiyasi əhəmiyyətinin beynəlxalq səviyyədə daha geniş qəbul olunduğunu göstərir. YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov çıxışında dövlət başçısının həyata keçirdiyi siyasətin Azərbaycanın milli maraqlarının qorunmasına, ölkənin davamlı inkişafına və dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Görüşdə ərazi partiya təşkilatının fəaliyyətinin səmərəli təşkili, YAP-ın nüfuzunun artırılması və partiya qarşısında müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində fəal iştirakın əhəmiyyəti diqqətə çatdırılıb.
Atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə Bakı şəhəri və Abşeron rayonunda təkdırnaqlı heyvanlar arasında 16–20 noyabr tarixlərində epizootoloji monitorinq keçiriləcək. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının beynəlxalq tələbləri nəzərə alınmaqla təşkil olunan tədbirlərin keçirilməsində əsas məqsəd epizootoloji nəzarətdə olan atçılıq təsərrüfatlarının formalaşdırılması, biotəhlükəsizliyin gücləndirilməsi və atların sağlamlığına davamlı nəzarətin təmin edilməsidir. Bu tədbirlər idman və seleksiya məqsədli atların qlobal ticarətini, beynəlxalq hərəkətini və xarici yarışlarda iştirak imkanlarını genişləndirməyə, həmçinin ölkəmizdə dünya səviyyəli turnirlərin təşkilinə xidmət edir. Monitorinq zamanı beynəlxalq ekspertlər tərəfindən müəyyən edilmiş inzibati ərazilərdə yerləşən atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlar arasında Yapon ensefaliti, atların Afrika taun xəstəliyi, virus arteriti, infeksion anemiyası və digər xəstəliklər üzrə klinik müayinələr aparılacaq. Götürülmüş diaqnostik nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim ediləcək. Eyni zamanda, təsərrüfatların baytarlıq-sanitariya vəziyyəti qiymətləndiriləcək, heyvan sahibləri arasında maarifləndirmə işləri aparılacaq. Toplanmış epizootoloji məlumatlar “Epicollect 5” rəqəmsal platforma vasitəsilə təhlil edilərək növbəti tədbirlər planlaşdırılacaqdır.
Giriş