“Bitki sağlamlığı haqqında” Qanun layihəsi meyvə-tərəvəz istehsalçıları və ixracatçıları ilə müzakirə olunub
17 Aprel 2025 15:03
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri və bu sahədə fəaliyyət göstərən sahibkarlarla ictimai müzakirəsi təşkil edilib.
Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib.
Qanun layihəsində müasir dövrdə kənd təsərrüfatı bitkilərində yaranan rezistentliyin aradan qaldırılması, torpaqda və bitkidə pestisid və aqrokimyəvi maddələrin qalıq miqdarının minimuma endirilməsi məqsədilə inteqrir mübarizə və digər alternativ daha təhlükəsiz mübarizə üsullarının ön planda olduğu xüsusi vurğulanıb. Ölkədə istehsal edilən bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması, ixrac bazarının genişləndirilməsi istiqamətində ilkin istehsalla məşğul olan bitkiçilik məhsullarının növlərinə görə ərazisi müvafiq orqan (qurum) tərəfindən müəyyən edilən həddən çox olan bitkiçilik obyektlərinin bitki sağlamlığına daxili nəzarət sisteminə, o cümlədən bitkiçilik subyektlərində onları bitki və bitkiçilik məhsulları, əkin və səpin materialları və digər karantin nəzarətində olan materiallarla təchiz edən və ya bitki və bitkiçilik məhsulları, əkin və səpin materialları və digər karantin nəzarətində olan materiallarla təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olması Qanun layihəsində qoyulan başlıca tələblərdəndir.
“Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Bəşir Quliyev Qanun layihəsinin hazırlanmasını yüksək qiymətləndirərək, müvafiq sahədə mövcud olan problemlərin aradan qaldırılmasında, praktikaya yönəlik hüquqi bazanın formalaşmasında xüsusi əhəmiyyət kəsb edəcəyini bildirib. Layihədə yer alan və beynəlxalq qanunvericiliyə və təcrübəyə əsaslanan yeni yanaşmaların (vahid Bitki Sağlamlığı Reyestrinin yaradılması, monitorinq, izləmə sisteminin formalaşdırılması, zərərli orqanizmlərdən azad istehsal yeri və ya sahələrinin yaradılması, elmi-tədqiqata və risklərin idarəedilməsinə əsaslanan yeni mexanizmlərin yaradılması, inteqrir, bioloji, biotexniki mübarizəyə təşviq və s.) bitkiçilik məhsullarının ilkin istehsalı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar tərəfindən xüsusilə müsbət qarşılandığı qeyd olunub.
Görüşdə sahibkarların yeni Qanun layihəsi ilə bağlı təklifləri dinlənilib, müzakirələr aparılıb.
Oxşar xəbərlər

Bu il ilk dəfə olaraq Cəbrayılda AQTİ-nin səyyar laboratoriyası fəaliyyət göstərəcək
İyunun 6-7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində bir sıra regionlarda Azərbaycan Repsublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək. Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Ölkəyə idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Qaçabəyova Nayida tərəfindən Qırğızıstandan idxal edilən “OcOO QLOBAL KREŞ” şirkətinin istehsalı olan 14 ton toxumluq kartof məhsulundan götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm − Kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.

AQTA əməkdaşlarına təlim keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda çalışan əməkdaşlara “Səriştə əsaslı uğurlu liderlik: idarəetmə, düşünmə və inkişaf” mövzusunda təlim keçirilib. Agentlikdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılara liderliyin növləri, metodları və səriştələri barədə ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.