“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
16 Aprel 2025 11:45
















Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalatçıları və İdxalatçıları Assosiasiyasının üzvləri və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birlikdə ictimai müzakirəsi təşkil edilib.
AQTA rəsmisi Elxan Mikayılov qeyd edib ki, yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsəd ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsidir.
Layihəyə əsasən, ölkə üzrə Bitki Sağlamlığı Reyestrinin yaradılması və bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin, həmçinin onların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlərin və onların obyektlərinin də həmin reyestrə daxil edilməsi nəzərdə tutulur.
Bildirilib ki, Qanun layihəsində bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı, istehsalı, qablaşdırılması, etiketlənməsi, idxalı, ixracı, təkrar ixracı və dövriyyəsi ilə əlaqədar yeni müddəalar öz əksini tapıb, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istifadəsinə və qalıq miqdarına dövlət nəzarəti ilə bağlı xüsusi tələblər müəyyən edilib.
Ümumilikdə, Qanun layihəsi çərçivəsində əhalinin sağlamlığının və ətraf mühitin qorunması istiqamətində zərərli orqanizmlərlə mübarizə zamanı kimyəvi mübarizəyə alternativ daha təhlükəsiz mübarizə üsullarının, xüsusilə də inteqrir mübarizənin tətbiqinə üstünlük verilməsi, bitki mühafizə vasitələrindən son həll yolu kimi istifadə edilməsi öz əksini tapıb.
Görüşdə sahibkarların yeni Qanun layihəsi ilə bağlı təklifləri dinlənilib, sualları cavablandırılıb.
Oxşar xəbərlər

Bu il ilk dəfə olaraq Cəbrayılda AQTİ-nin səyyar laboratoriyası fəaliyyət göstərəcək
İyunun 6-7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində bir sıra regionlarda Azərbaycan Repsublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək. Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Ölkəyə idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Qaçabəyova Nayida tərəfindən Qırğızıstandan idxal edilən “OcOO QLOBAL KREŞ” şirkətinin istehsalı olan 14 ton toxumluq kartof məhsulundan götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm − Kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.

AQTA əməkdaşlarına təlim keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda çalışan əməkdaşlara “Səriştə əsaslı uğurlu liderlik: idarəetmə, düşünmə və inkişaf” mövzusunda təlim keçirilib. Agentlikdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılara liderliyin növləri, metodları və səriştələri barədə ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.
