“Bitki sağlamlığı haqqında” yeni Qanun layihəsinin ictimai müzakirəsinə başlandı
8 Aprel 2025 17:57








Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Agentlik yanında İctimai Şura üzvlərinin və bitkiçilik sahəsində ixtisaslaşmış müxtəlif assosiasiyaların təmsilçilərinin iştirakı ilə yeni hazırlanmış “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin ilk ictimai müzakirəsi keçirilib.
Müzakirə zamanı ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi ilə bağlı həyata keçirilən fitosanitar nəzarət və fitosanitar xidmət fəaliyyətlərinin təşkilinin hüquqi əsaslarının müəyyən edilməsi, fitosanitar nəzarət və xidmət sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətlərin tənzimlənməsi və bu sahədə qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hazırlanmış yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin təqdimatı olub. AQTA rəsmiləri təqdimatla çıxış edərək, iştirakçılara bitki sağlamlığı sahəsində dövlət tənzimlənməsi, bitki mühafizəsinin və karantinin təşkili, bitkiçilik subyektlərinin hüquq və vəzifələri, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, dövriyyəsinə, istifadəsinə dair tələblər, həmin məhsulların istehsalı və dövriyyəsi ilə məşğul olan obyektlərin qeydiyyatı, fitosanitar xidmətlər və layihədə nəzərdə tutulan digər məsələlər barədə geniş məlumat verib. Qeyd olunub ki, “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 10 fəsil 46 maddədən ibarətdir.
Tədbirdə İctimai Şura üzvləri və assosiasiya üzvləri tərəfindən Qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, yeni Qanun ilə əlaqədar maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyə və məlumatların verilməsinin vacibliyi diqqətə çatdırılıb. Yekunda layihənin daha geniş ictimai müzakirəsi tövsiyə olunub.
Qeyd edək ki, AQTA tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”na uyğun olaraq, qanunamüvafiq prosedurlar həyata keçirilməkdədir. Yaxın günlərdə yeni Qanun layihəsinin digər maraqlı tərəflərin, o cümlədən sahibkarların, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsinin keçirilməsi planlaşdırılır. “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi ilə Agentliyin rəsmi saytında yerləşdirilmiş xüsusi bölmədən link vasitəsilə tanış olmaq mümkündür: https://afsa.gov.az/az/qanunvericilik/bitki-saglamligi-haqqinda-qanun-layihesi
