Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
8 İyul 2025 16:15
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib.
Onlayn formatda keçirilən görüşdə ixrac olunan bitki və bitkiçilik məhsullarının idxalçı ölkələrin tələblərinə uyğun etiketlənmə qaydaları barədə məlumat verilərək qeyd olunub ki, məhsulların ixracı zamanı onların etiketləri məhsulların taralarının üzərində dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmış olmalı və zəruri məlumatlarla təmin edilməlidir. Həmçinin idxalçı ölkələrin müxtəlif bitkiçilik məhsulları üzrə tövsiyə olunan qutu növləri barədə məlumat görüş iştirakçılarının nəzərinə çatdırılıb.
Görüş zamanı bitkiçilik məhsullarının daşınmasında istifadə edilən meşə materiallarından hazırlanmış altlıqların və qablaşdırma materiallarının “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartının (“Beynəlxalq ticarətdə taxta qablaşdırma materiallarının tənzimlənməsi”) tələblərinə uyğun formada işlənməsi diqqətə çatdırılıb, Beynəlxalq Standartların tələblərinin pozulmasının gələcəkdə ölkənin ixrac potensialına mənfi təsirləri barədə məlumat verilib.
Görüşdə idxalçı ölkənin etiketlənməyə dair tələbləri, adıçəkilən Beynəlxalq Standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair Təlimatı sahibkarlıq subyektlərinə təqdim olunub.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
Bitkiçilik məhsullarının ixracı davam etdirilir
Payız ixrac mövsümü ilə əlaqədar Azərbaycanın xurma, nar, üzüm və digər bitkiçilik məhsullarının ixracı davam edir. İxrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar karantin baxışı keçirilir, müvafiq analizlərin aparılması üçün nümunələr götürülür və eynilik nəzarəti həyata keçirilir. Məhsul partiyalarının idxalçı ölkələrin, eləcə də beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. Müəyyən edilmiş tələblərə cavab verən məhsul partiyalarına fitosanitar sertifikat verilir və onların ixracına icazə verilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Daha ətraflı:
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş