Bitkiçilik təsərrüfatlarında monitorinqlər davam etdirilir
17 İyul 2023 15:21
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqlər həyata keçirilir.
Bu çərçivədə Agentliyin Gəncə-Daşkəsən regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Göygöl rayonunda yerləşən moruq təsərrüfatlarında monitorinqlər aparılıb. Monitorinqlər zamanı bitkilərə baxış keçirilib. Həmçinin moruq bitkisinin qəhvəyi mərmər bağacığının sahib bitkisi olması nəzərə alınaraq, sahələrdə feromon tələlər asılıb. Daha sonra asılmış tələlərə, eləcə də moruq təsərrüfatlarına yaxın ərazilərdə yerləşən digər bağlara baxış keçirilib. Monitorinqlər zamanı karantin tətbiq edilən zərərvericilər aşkarlanmayıb.
Oxşar xəbərlər
Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 35 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Elşad Elxan oğluna məxsus “Şuşa” restoranında plandankənar yoxlama keçirib. Baxış zamanı restoranda üzərində markalanma aparılmayan soyuq qəlyanaltılar, yarımfabrikatlar və müxtəlif çeşidli turşular aşkarlanıb. Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, quru məhsulların saxlanılması, ət məhsullarının və tərəvəzlərin ilkin emalı üçün sahənin təşkil edilmədiyi, havalandırma sisteminin qurulmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və xüsusi sanitar geyimlə (əlcək, saç toru), fərdi mühafizə vasitələri (maska) ilə təmin olunmadığı, emal sahəsində masa səthlərinin asan yuyulan və dezinfeksiyaya davamlı materialdan təşkil olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan, qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Sahibkarların nəzərinə: Qida və yem məhsullarının qeydiyyatı zamanı sənədlərin ekspertizası üçün AQTİ-yə müraciət etmək lazımdır!
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) bioloji aktiv qida məhsullarının, genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) və GMO-lu yem məhsullarının, təbii mineral suların, qida və yem əlavələrinin və yeni növ qida məhsullarının qeydiyyatını aparmaq istəyən sahibkarlara müraciət ünvanlayıb. Bildirilir ki, adıçəkilən məhsulların qeydiyyatı zamanı ekspertiza üçün tələb olunan sənədlər və laborator müayinələr aparmaqdan ötrü lazım olan nümunələr AQTİ-yə təqdim edilməlidir. Sahibkarlar bu barədə daha ətraflı məlumata sahib olmaq və maraqlandıqları suallara cavab almaq üçün (012) 377-00-20 (daxili:453) nömrəli telefona zəng edə bilərlər.
Qaydaları pozan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46C ünvanında fəaliyyət göstərən, “Pure Life” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, qablaşdırma materiallarının, yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanılması, eləcə də işçi heyət üçün ayrıca sahələrin təşkil edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divar və tavanın tamlığının pozulduğu, qablaşdırma materiallarının yuyulması üçün asan təmizlənə bilən və gigiyenik tələblərə cavab verən yuma çanağının təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.