Bitkiçilik təsərrüfatlarının nümayəndələri ilə maarifləndirici görüşlər keçirilib
20 İyul 2026 15:16
Ölkə ərazisində bitki sağlamlığının və fitosanitar sabitliyin qorunması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələri tərəfindən maarifləndirici tədbirlər davam etdirilir.
“Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən istifadənin effektiv tənzimlənməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də Abşeron, Salyan, İmişli, Beyləqan, Zəngilan və Tərtər rayonlarında bitkiçilik təsərrüfatlarının nümayəndələri ilə görüşlər təşkil olunub, əkin və bağ sahələrində yerində maarifləndirmə tədbirləri həyata keçirilib.
Görüşlər zamanı iştirakçılara pestisidlərin və aqrokimyəvi maddələrin düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkə ərazisində yalnız dövlət qeydiyyatına alınmış pestisidlərin və aqrokimyəvi maddələrin idxalına, satışına və istifadəsinə icazə verilir. Mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçməyən preparatların tətbiqi bitki sağlamlığı, ətraf mühit və insan sağlamlığı baxımından ciddi risklər yaradır. Vurğulanıb ki, bitki mühafizə vasitələri seçilərkən etiket məlumatlarına və istifadə təlimatlarına əməl olunmalıdır.
Həmçinin bölgələrdə yayılma riski olan karantin tətbiq edilən zərərvericilər və xəstəliklər, o cümlədən gavalının cibcibə virusu, qonur monilioz çürüməsi, komstok yastıcası, Amerika ağ kəpənəyi, qəhvəyi mərmər bağacığı və digər təhlükəli orqanizmlərin bioloji xüsusiyyətləri, yayılma yolları və onlara qarşı mübarizə tədbirləri barədə də məlumat verilib.
Bununla yanaşı, bitki mənşəli məhsulların istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, qeydiyyat məhsulun izləniləbilənliyinin təmin olunmasına, fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkilinə və aqrar sahənin davamlı inkişafına töhfə verir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici çap materialları təqdim edilib.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
AQTA-da YAP-ın VIII Qurultayına həsr olunmuş görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib. Görüşdə AQTA-nın sədr müavini Əziz Şərifov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqinin ana xəttini təşkil edən əsas məqamlardan biri "Güclü dövlət – müasir idarəetmə" prinsipidir. Vurğulayıb ki, bu gün Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm geosiyasi və geoiqtisadi aktorlarından biri kimi çıxış edir. Sədr müavini bildirib ki, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi və regional proseslərdə rolunun artması Azərbaycanın geosiyasi əhəmiyyətinin beynəlxalq səviyyədə daha geniş qəbul olunduğunu göstərir. YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov çıxışında dövlət başçısının həyata keçirdiyi siyasətin Azərbaycanın milli maraqlarının qorunmasına, ölkənin davamlı inkişafına və dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Görüşdə ərazi partiya təşkilatının fəaliyyətinin səmərəli təşkili, YAP-ın nüfuzunun artırılması və partiya qarşısında müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində fəal iştirakın əhəmiyyəti diqqətə çatdırılıb.
Atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə Bakı şəhəri və Abşeron rayonunda təkdırnaqlı heyvanlar arasında 16–20 noyabr tarixlərində epizootoloji monitorinq keçiriləcək. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının beynəlxalq tələbləri nəzərə alınmaqla təşkil olunan tədbirlərin keçirilməsində əsas məqsəd epizootoloji nəzarətdə olan atçılıq təsərrüfatlarının formalaşdırılması, biotəhlükəsizliyin gücləndirilməsi və atların sağlamlığına davamlı nəzarətin təmin edilməsidir. Bu tədbirlər idman və seleksiya məqsədli atların qlobal ticarətini, beynəlxalq hərəkətini və xarici yarışlarda iştirak imkanlarını genişləndirməyə, həmçinin ölkəmizdə dünya səviyyəli turnirlərin təşkilinə xidmət edir. Monitorinq zamanı beynəlxalq ekspertlər tərəfindən müəyyən edilmiş inzibati ərazilərdə yerləşən atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlar arasında Yapon ensefaliti, atların Afrika taun xəstəliyi, virus arteriti, infeksion anemiyası və digər xəstəliklər üzrə klinik müayinələr aparılacaq. Götürülmüş diaqnostik nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim ediləcək. Eyni zamanda, təsərrüfatların baytarlıq-sanitariya vəziyyəti qiymətləndiriləcək, heyvan sahibləri arasında maarifləndirmə işləri aparılacaq. Toplanmış epizootoloji məlumatlar “Epicollect 5” rəqəmsal platforma vasitəsilə təhlil edilərək növbəti tədbirlər planlaşdırılacaqdır.
Giriş