Göygöldə fəaliyyət göstərən istixanada nöqsanlar aşkarlanıb
23 Oktyabr 2023 16:33
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Göygöl rayonunun Qırıqlı kəndində yerləşən, Zeynalova Təranə Vidadi qızına məxsus istixanada Agentlik müfəttişləri tərəfindən yoxlama keçirilib. Baxış zamanı təsərrüfatda istifadə müddəti bitmiş 15 adda preparat aşkarlanıb. Həmçinin istehsal prosesində müvafiq nəzarətin aparılmadığı, istifadə olunan avadanlıqların təmizlənib dezinfeksiya edilmədiyi, işçi heyətin xüsusi geyim vasitələrilə təmin olunmadığı və digər nöqsanlar müəyyən edilib. Nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər
Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Göyçay rayonunda yerləşən, fiziki şəxs Qəribov Məhəmmədəli Mahmud oğluna məxsus alkoqolsuz içkilərin (limonad) emalı müəssisəsində Agentliyin əməkdaşları plandankənar yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Digər istehsalçılara məxsus boş butulkaların yığılaraq müvafiq tələblər gözlənilmədən kustar üsulla yuyulub içkilərin qablaşdırılmasında istifadə olunduğu, keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə məhsulların laborator müayinələrdən keçirilmədiyi, etiket məlumatlarında istehsal müəssisəsinin ünvanı barədə yanlış məlumatların qeyd edildiyi məlum olub. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Bruselyoz xəstəliyinə qarşı seroloji monitorinq keçiriləcək
Ölkəmizdə bruselyoz xəstəliyinə qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə mübarizə tədbirləri davam etdirilir. 2025-ci ilin 17-28 fevral tarixlərində respublikanın 51 rayonunun (şəhərinin) 374 yaşayış məntəqəsində fəaliyyət göstərən 20 başdan yuxarı südlük istiqamətli iribuynuzlu (süd verən) heyvanların saxlandığı 754 fərdi və fermer təsərrüfatlarında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində 3770 baş süd verən iribuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator müayinələr aparılacaq, habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinq barədə məlumatlar müvafiq sistemə daxil olunacaq.\\Qeyd edək ki, insanların brusellyoza yoluxmasının yeganə mənbəyi xəstə heyvanlardır və əksər hallarda yoluxma süd və süd məhsulları vasitəsilə baş verir. Ona görə də istehlakçılar bu cür məhsulları seçərkən daha diqqətli olmalıdırlar
Daha bir şirniyyat emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Elşad Hüseyn oğluna məxsus şirniyyat emalı müəssisəsində yoxlama keçirilib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalların istehsal sahəsində saxlandığı aşkarlanıb. Satışdan geri qaytarılmış məhsulların (pryaniklər) üyüdülərək yenidən unlu qənnadı məmulatları istehsal edib satışa çıxarıldığı müəyyən olunub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, məhdudlaşdırıcı tədbirlər görülüb.