İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
12 İyun 2024 16:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmləri, onların mənbələrini, yayılma səbəblərini və sərhədlərini müəyyənləşdirmək, habelə zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
Milli Monitorinq Planı çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Ağdaş rayonunun Ərəbocağı kəndində yerləşən kartof (16 ha) və soğan sahəsində (80 ha), Göyçay rayonunun Hüngütlü, Şəhadət, Məlikli kəndlərində yerləşən tumlu-çəyirdəkli meyvə bağlarında monitorinqlər aparılıb, sirayətlənmiş bitki hissələrindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laborotoriyasına təqdim edilib. Müayinələr nəticəsində soğan bitkisində karantin tətbiq edilməyən tütün tripsi və soğan yarpaqlarının çürüməsi xəstəliyi, Göyçay rayonunun Şəhadət kəndində yerləşən alça ağaclarından götürülmüş nümunələrdə isə karantin tətbiq edilən qonur monilioz çürümə xəstəliyi aşkarlanıb.
Müayinə nəticələri nəzərə alınaraq, təsərrüfat sahiblərinə zərərli orqanizmlərin daha geniş ərazilərə yayılmaması və məhsul itkisinin qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlərin görülməsi barədə tövsiyələr verilib.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

AQTA-nın bölmələri arasında minifutbol turniri start götürüb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bölmələri arasında minifutbol turniri start götürüb. Turnirin açılış mərasimində Agentlik sədrinin müavini Əziz Şərifov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev iştirakçılara uğurlar arzulayaraq turnirin əhəmiyyətini vurğulayıblar. Daha sonra qrup mərhələsinin ilk turunun qarşılaşmaları baş tutub. Qeyd edək ki, turnir 7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunub. Yarışın keçirilməsində məqsəd əməkdaşların sağlamlığını möhkəmləndirmək və idmanın faydalarını təbliğ etməkdir. AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan turnir işçilərin asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır.

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin laborator müayinələri aparılacaq. Monitorinq çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.