İmişlidə yararsız və qadağan olunmuş pestisidlər xüsusi poliqona daşınıb
21 Avqust 2025 15:56
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cəlb edilmiş xüsusi lisenziyalı şirkət İmişli rayonu ərazisində 450 tona qədər istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınmasını həyata keçirib. Beynəlxalq təhlükəsizlik tələblərinə uyğun şəkildə qablaşdırılan yüklər zərərsizləşdirilməsi üçün xüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na yola salınıb.
Növbəti mərhələdə pestisidlərin xüsusi lisenziyaya malik müəssisələrdə yandırılaraq tam zərərsizləşdirilməsi planlaşdırılır. Eyni zamanda təmizlənmiş ərazilərdə çirklənməyə məruz qalmış torpaqların bərpası məqsədilə bioremediasiya üsullarından istifadə ediləcək və bu proses müvafiq dövlət qurumları ilə birgə həyata keçiriləcək.
Xatırladaq ki, bir neçə gün öncə Füzuli və Samux rayonu ərazilərində də istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınması həyata keçirilib. Ötən il isə eyni proses müvafiq olaraq Beyləqan və Ağstafa rayonlarında da icra olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlb edilməklə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası” yaradılıb. Komissiya tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Plana əsasən, bir sıra dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müvafiq işlərin görülməsi həvalə olunub.
Bu çərçivədə AQTA tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində yararsız və qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib.
Ölkə üzrə istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi prosesi strateji əhəmiyyət daşımaqla yanaşı, ekosistemin qorunmasına, insan sağlamlığı, heyvan və bitkilər üçün potensial risklərin qarşısının alınmasına xidmət edir.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı qışlama ocaqlarının aşkar edilməsi və məhv edilməsi məqsədilə monitorinq tədbirləri davam etdirilir. Monitorinqlər Balakən, Zaqatala və Qax rayonları ərazilərində həyata keçirilir. Bu çərçivədə zərərvericinin qışlama ehtimalı olan yaşayış evləri, yardımçı tikililər, anbarlar və təsərrüfat sahələri, eləcə də digər potensial sığınacaq yerlərinə baxış keçirilir. Aşkar edilən qəhvəyi mərmər bağacığı fərdləri mexaniki üsulla məhv olunur. Eyni zamanda vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, zərərvericinin yaratdığı təhlükələr və düzgün mübarizə üsulları izah edilir, ictimaiyyətin bu prosesdə fəal iştirakının vacibliyi vurğulanır. Monitorinq və maarifləndirmə tədbirləri məktəblərdə, uşaq bağçalarında, kənd icra nümayəndəliklərində və insanların kütləvi toplaşdığı digər ictimai məkanlarda da həyata keçirilir.
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib
Tovuzda dövlət qurumlarının iştirakı ilə “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Samux və Göygöl rayon icra hakimiyyətlərinin rəhbərləri, bu rayonlarda müvafiq sahə üzrə çalışan mütəxəssislər iştirak ediblər. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, qarşıda duran ən mühüm məsələlərdən biri qəhvəyi mərmər bağacığına qarşı mübarizənin cari vəziyyətini dəyərləndirmək və gələcəkdə atılacaq addımların effektivliyini təmin etməkdir. 2026-cı ilin qışlama dövrü üçün mübarizə tədbirlərinin davam etdiyini vurğulayan Məcnun Məmmədov artıq 31 rayon üzrə 12 min 630 nöqtədə monitorinqlər aparıldığını, 3 minə yaxın ocaqda kimyəvi mübarizənin başa çatdırıldığını deyib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib. Müşavirədə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Xaçmazda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib
Xaçmazda dövlət qurumlarının iştirakı ilə “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xaçmaz, Quba və Qusar rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, son dövrlərdə qəhvəyi mərmər bağacığı ölkəmizin ixrac potensialında mühüm yer tutan meyvəçilik, xüsusilə fındıqçılıq sektoru üçün birbaşa və ciddi təhdid formalaşdırır. Zərərvericinin artıq Şəki-Zaqatala iqtisadi rayonu ilə yanaşı, Quba-Xaçmaz bölgəsinin meyvə bağlarında da müşahidə olunduğunu qeyd edən nazir xüsusilə Xaçmaz, Quba və Qusar rayonlarında qəhvəyi mərmər bağacığının populyasiya sıxlığının artdığını vurğulayıb. Bağacığa qarşı mübarizə tədbirlərinin effektivliyini qorumaq üçün bioloji mübarizə imkanlarının tətbiqi, əkin sahələri və kənd ətrafı meşəliklərin vegetasiya dövründə planlı dərmanlanması, məlumatlandırma tədbirlərinin genişləndirilməsi və könüllü dəstələrin prosesə cəlb edilməsinin vacibliyi qeyd olunub. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib. Müşavirədə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Giriş