Lənkəran və Astarada yerləşən meyvə bağlarında monitorinqlər aparılıb
19 Oktyabr 2023 15:31
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Milli Monitorinq Planı çərçivəsində Agentlik əməkdaşları tərəfindən Lənkəran rayonunun İstisu qəsəbəsində və Vilvan, Tükəvilə, Xanbulan, Şağlaser, Velədi, Şıxakəran, Xolmili kəndlərində, habelə Astara rayonunun Kijəbə qəsəbəsində və Şahağac, Siyaku, Təngərud kəndlərində yerləşən 24 təsərrüfat subyektinə məxsus ümumilikdə 152.2 ha sitrus bağında monitorinqlər aparılıb. Monitorinq zamanı feyxoa, naringi, limon, kinkan və kivi bağlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən zərərvericilər - Tut qalxanlı yastıcası (“Pseudaulacaspis pentagona”) və Yaponiya mumlu yalançı qalxanlı yastıcası (“Ceroplastes japonicus”) aşkarlanıb.
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb, təsərrüfat sahiblərinə zəruri tapşırıq və tövsiyələr verilib.