Maştağada çiyələk yetişdirilən istixanada monitorinq aparılıb
9 Mart 2023 16:14
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zərərli orqanizmlərin vaxtında aşkarlanması və ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq istixanalarda fitosanitar monitorinqlər davam etdirilir.
Monitorinqlər çərçivəsində Agentliyin Bakı regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsinin Subtropik Sovxoz ərazisində yerləşən, fiziki şəxs Qurbanov İskəndər Rasim oğluna məxsus çiyələk yetişdirmə istixanasında fitosanitar müşahidələr aparılıb. Müşahidələr zamanı çiyələk şitillərindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində hər hansı uyğunsuzluq halı müəyyən edilməyib.
Monitorinq zamanı təsərrüfat sahibi ilə təsərrüfatda çalışan işçilər çiyələk bitkisinin əsas xəstəlik və zərərvericiləri haqqında məlumatlandırılıb. Həmçinin onlara “İstixanalarda zərərli orqanizmlərin idarə olunmasına dair Təlimat”da göstərilən tədbirlərin icrası və pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar müvafiq istiqamət verilib.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı haqqında məlumat və mübarizə tədbirləri
Qəhvəyi mərmər bağacığı nədir? - Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Bu zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığın yayılması: - Qəhvəyi mərmər bağacığın yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilirlər. Qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları: - Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər bağacığın gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanır.
Bitkiçilik məhsullarının istehsalı sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində karantin tətbiq edilən, o cümlədən bitki sağlamlığı sahəsində potensial təhlükə hesab olunan müxtəlif zərərli orqanizmləri, onların mənbələrini, yayılma səbəblərini, sərhədlərini vaxtında müəyyənləşdirmək və fitosanitar sabitliyin qorunması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şirvan-Salyan regional bölməsinin əməkdaşları tərəfindən Salyan rayonunun Yolüstü, İkinci Varlı kəndləri, Neftçala rayonunun Kürkənd kəndi, Hacıqabul rayonunun Meyniman, Qubalı, İkinci Udullu və Qubalıbaloğlan kəndlərində yerləşən nar bağlarında monitorinqlər keçirilib, xəstəlik və zərərvericilərlə sirayətlənmə əlamətləri olan meyvə və budaqdan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində tənzimlənməyən zərərli orqanizmlərdən Nar meyvəyeyəninin (Euzophera bigella) mövcudluğu təsdiqlənsə də, karantin tətbiq edilən zərərli orqanizm aşkarlanmayıb.
Bakıda EPPO Şurasının 74-cü sessiyası keçirilir
Bu gün Bakıda ilk dəfə olaraq Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyası işə başlayıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və EPPO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edir. İkigünlük sessiyanın açılışında çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün həyati zərurətə çevrilir. EPPO tərəfindən bitki sağlamlığının qorunması, invaziv zərərli orqanizmlərin yeni ərazilərə keçməsi və yayılmasının qarşısının alınması üçün strategiyaların hazırlanması, zərərli orqanizmlərə qarşı müasir, təhlükəsiz və elmə əsaslanan effektiv mübarizə üsullarından istifadənin təşviq edilməsi isə olduqca əhəmiyyətlidir.