Ölkə üzrə pestisidlərin saxlanması və satışına dair monitorinqlərə başlanılıb - VİDEO
21 Noyabr 2025 12:11
Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması məqsədilə monitorinqlərə başlanılır. Tədbir Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamına əsasən Nazirlər Kabineti yanında aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılmış “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın 2025–2026-cı illər üzrə İş Planı çərçivəsində həyata keçirilir.
Monitorinqlər AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qruplar tərəfindən aparılır. Tədbirlərin məqsədi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin təhlükəsizlik tələblərinə riayət olunmasını, saxtalaşdırma hallarının qarşısının alınmasını və istifadəçilərin keyfiyyətli preparatlara əlçatanlığını təmin etməkdir.
Monitorinqlər zamanı təsərrüfat subyektlərində məhsulların saxlanma şəraiti, təhlükəsizlik və yanğın əleyhinə sistemlər, məsafə və infrastruktur tələbləri, dövlət qeydiyyatı və etiketləmə tələbləri, həmçinin məhsulların keyfiyyəti və yararlılıq müddəti yoxlanılacaq.
Qanunvericiliyə əsasən dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, istifadəsi qadağan edilmiş və yararlılıq müddəti bitmiş preparatların istehsalına, idxalına, saxlanmasına və satışına yol verilmir. Zəhərli maddələr yalnız xüsusi təhlükəsiz anbarlarda saxlanmalı, yanğınsöndürən vasitələr və havalandırma sistemi ilə təmin edilməlidir. Aşkar ediləcək qeyri-qanuni və istifadəyə yararsız preparatlar “Cəngi pestisid poliqonu”na daşınaraq təhlükəsiz şəkildə zərərsizləşdiriləcək.
AQTA xəbərdarlıq edir ki, sahibkarlar qanunvericiliyin bütün tələblərinə ciddi əməl etməli və məhsulların təhlükəsiz dövriyyəsini təmin etməlidirlər.
Monitorinqlərə dair videoçarxla aşağıdakı linkdən tanış ola bilərsiniz:
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
AQTA-da YAP-ın VIII Qurultayına həsr olunmuş görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş görüş keçirilib. Görüşdə AQTA-nın sədr müavini Əziz Şərifov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı nitqinin ana xəttini təşkil edən əsas məqamlardan biri "Güclü dövlət – müasir idarəetmə" prinsipidir. Vurğulayıb ki, bu gün Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm geosiyasi və geoiqtisadi aktorlarından biri kimi çıxış edir. Sədr müavini bildirib ki, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi və regional proseslərdə rolunun artması Azərbaycanın geosiyasi əhəmiyyətinin beynəlxalq səviyyədə daha geniş qəbul olunduğunu göstərir. YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov çıxışında dövlət başçısının həyata keçirdiyi siyasətin Azərbaycanın milli maraqlarının qorunmasına, ölkənin davamlı inkişafına və dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Görüşdə ərazi partiya təşkilatının fəaliyyətinin səmərəli təşkili, YAP-ın nüfuzunun artırılması və partiya qarşısında müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində fəal iştirakın əhəmiyyəti diqqətə çatdırılıb.
Atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə Bakı şəhəri və Abşeron rayonunda təkdırnaqlı heyvanlar arasında 16–20 noyabr tarixlərində epizootoloji monitorinq keçiriləcək. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının beynəlxalq tələbləri nəzərə alınmaqla təşkil olunan tədbirlərin keçirilməsində əsas məqsəd epizootoloji nəzarətdə olan atçılıq təsərrüfatlarının formalaşdırılması, biotəhlükəsizliyin gücləndirilməsi və atların sağlamlığına davamlı nəzarətin təmin edilməsidir. Bu tədbirlər idman və seleksiya məqsədli atların qlobal ticarətini, beynəlxalq hərəkətini və xarici yarışlarda iştirak imkanlarını genişləndirməyə, həmçinin ölkəmizdə dünya səviyyəli turnirlərin təşkilinə xidmət edir. Monitorinq zamanı beynəlxalq ekspertlər tərəfindən müəyyən edilmiş inzibati ərazilərdə yerləşən atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlar arasında Yapon ensefaliti, atların Afrika taun xəstəliyi, virus arteriti, infeksion anemiyası və digər xəstəliklər üzrə klinik müayinələr aparılacaq. Götürülmüş diaqnostik nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim ediləcək. Eyni zamanda, təsərrüfatların baytarlıq-sanitariya vəziyyəti qiymətləndiriləcək, heyvan sahibləri arasında maarifləndirmə işləri aparılacaq. Toplanmış epizootoloji məlumatlar “Epicollect 5” rəqəmsal platforma vasitəsilə təhlil edilərək növbəti tədbirlər planlaşdırılacaqdır.
Giriş