Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
14 Sentyabr 2026 10:43
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib.
Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
Oxşar xəbərlər
Quş qripi və Nyukasl xəstəliklərinə qarşı epizootoloji monitorinq keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə vəhşi və ev quşları üzrə quş qripi və Nyukasl xəstəliklərinə qarşı 2−6 noyabr tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Monitorinq Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublika ərazisində risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonaları və digər ərazilərini əhatə edəcək. Monitorinq çərçivəsində ümumi baxış keçiriləcək və xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Eyni zamanda, sənaye əsaslı müxtəlif quşçuluq müəssisələrində, rayon və şəhərlərdəki ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə, ölkə üzrə quşçuluq müəssisələrinə, fərdi təsərrüfatlara, su hövzələrinə və parklara baxış keçirilməklə, baytarlıq norma və qaydalarına ciddi əməl olunması üçün maarifləndirmə-təbliğat tədbirləri də həyata keçiriləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaqdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
AQTA yanında İctimai Şuranın növbəti iclası keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Şuranın sədri Mehriban Məhərrəmova qarşıda duran cari məsələləri iştirakçıların diqqətinə çatdırıb. İclasda Agentliyin rəsmiləri “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üzrə Dövlət Proqramı”nın məqsədləri, prioritet istiqamətləri, qarşıya qoyulan hədəflər, eləcə də Proqramın icrasından gözlənilən nəticələr və digər məsələlər barədə geniş məlumat verib. Qeyd olunub ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində normativ hüquqi bazanın, həmçinin qida zəncirinə nəzarət sahəsində infrastruktur təminatının və laborator xidmətlərin təkmilləşdirilməsi, eyni zamanda elm, təhsil və kadr potensialının gücləndirilməsi yeni Dövlət Proqramının əsas prioritetləri sırasındadır. Bundan başqa, “Vahid Sağlamlıq” konsepsiyasının və qida zəncirinə nəzarətdə innovativ üsulların tətbiqinin genişləndirilməsi, idxal-ixrac nəzarətinin və beynəlxalq əməkdaşlığın, eləcə də istehlakçıların sağlam qidalanma vərdişlərinin təşviqi və ictimai nəzarətin gücləndirilməsi proqramın əsas istiqamətləri kimi vurğulanıb. Müzakirə zamanı İctimai Şura üzvləri Dövlət Proqramının icrası ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Tədbirin sonunda qida təhlükəsizliyi sahəsində hazırda icra olunan və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş