Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam edir
25 Sentyabr 2025 15:59
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qəhvəyi mərmər bağacığı ilə bağlı monitorinq və mübarizə tədbirləri elmi əsaslara uyğun şəkildə, zərərvericinin biologiyasına uyğun olaraq mərhələli şəkildə davam etdirilir. Payız mövsümündə qışlamaya üstünlük verdiyi üçün bu zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur.
Məlumdur ki, qəhvəyi mərmər bağacığı Gürcüstan Respublikasının Azərbaycanla həmsərhəd bölgələrində geniş yayılıb və beynəlxalq mənbələrə əsasən, 2016-cı ildə həmin ölkədə fındıq istehsalına 53–69 milyon ABŞ dolları həcmində iqtisadi ziyan vurub. Gürcüstanda aparılan elmi müşahidələr və mübarizə tədbirləri göstərir ki, zərərverici sentyabr ayının sonlarından etibarən qışlama üçün sığınacaq axtarmağa başlayır ki, bu da onun Azərbaycan ərazilərinə doğru miqrasiyasını sürətləndirir. Son günlər ölkənin müxtəlif bölgələrindən ictimai-iaşə obyektlərində, yaşayış evlərində, təsərrüfat tikililərində, anbarlarda və digər qapalı məkanlarda bu zərərvericiyə daha tez-tez rast gəlinməsi də bununla bağlıdır.
Qeyd olunmalıdır ki, qəhvəyi mərmər bağacığı payız dövründə fizioloji aktivliyini itirir, qidalanmır və bitkilər üçün birbaşa təhlükə yaratmır. Lakin qapalı məkanlarda çoxlu sayda toplanması onun populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına səbəb olur.
Bu baxımdan, sahibkarların, fermerlərin və vətəndaşların öz evlərində və təsərrüfat sahələrində aktiv müşahidə aparmaları, zərərvericini fiziki üsullarla toplamaqla məhv etmələri xüsusilə vacibdir. Təkcə dövlət qurumlarının səyləri ilə bu zərərverici ilə mübarizəni tam nəzarətdə saxlamaq mümkün deyil. Cəmiyyətin iştirakı olmadan geniş yayılmanın qarşısını almaq çətinləşir, bu isə növbəti mövsümlərdə kənd təsərrüfatına ciddi ziyan vura bilər. Zərərvericinin qapalı məkanlarda çoxalmasının qarşısı vaxtında alınmazsa, onun təbiətə qayıtdıqdan sonra sürətlə çoxalması və məhsuldarlığa mənfi təsir göstərməsi qaçılmazdır. Bu səbəbdən, hər kəsin bu prosesə məsuliyyətlə yanaşması, sadə və effektiv tədbirlərlə (məsələn, toplayıb məhv etməklə) iştirak etməsi vacib hesab olunur.
AQTA bu istiqamətdə monitorinq, elmi qiymətləndirmə və maarifləndirmə tədbirlərini mərhələli şəkildə davam etdirir və zərərvericinin yayılma arealına uyğun olaraq əlavə mübarizə mexanizmləri tətbiq edir.
Oxşar xəbərlər
“Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntüləri təqdim edilib - Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
AQTA Gəncə, Daşkəsən və Samux məktəblərində qida təhlükəsizliyi ilə bağlı maarifləndirici görüşlər keçirib
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri və Daşkəsən, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib. Məqsəd məktəb bufetlərində sanitar-gigiyenik qaydalara əməl olunmasını təmin etmək və şagirdlər arasında sağlam qidalanma vərdişlərini təşviq etməkdir.
AQTA sədri “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Caspian Agro 2026” sərgisi çərçivəsində keçirilən “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda dövlət qurumlarının nümayəndələri, aqrar sektor üzrə ekspertlər, sahibkarlar və fermerlər iştirak ediblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş