Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
14 Mart 2023 16:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir.
Tədbirlər çərçivəsində Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri ilə birgə qəhvəyi mərmər bağacığının yayıldığı ərazilərdə və sirayətlənmə ocaqlarında, eləcə də qışlama yerlərində monitorinqlər aparılır. Monitorinqlər zamanı aşkar edilmiş fərdlərin mexaniki və kimyəvi məhv edilməsi həyata keçirilir. Zərərvericiyə qarşı səmərəli mübarizənin aparılması məqsədilə kənd sakinləri, fermerlər, torpaq istifadəçiləri ilə maarifləndirici söhbətlər aparılır, onları maraqlandıran suallar cavablandırılır, müşahidənin və mübarizənin aparılması əyani nümayiş etdirilir və maarifləndirici bukletlər paylanılır.
Qeyd edirik ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Əhalidən zərərvericilərlə mübarizədə fəal və diqqətli olmaları, müvafiq tədbirlər həyata keçirmələri xahiş olunur. Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar Xətti”nə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumat əldə edə bilərlər.
Əlaqə üçün: (+994 99) 708 85 88 (Qərb rayonları üzrə)
(+994 99) 308 85 88 (Şimal qərb rayonları üzrə)
Oxşar xəbərlər
Zərərvericiyə qarşı birgə mübarizə: AQTA əməkdaşları Zaqatalanın 7 kəndində əhali ilə görüşlər keçirib
AQTA Aparatının, eləcə də regional bölmələrin 60-a yaxın əməkdaşı Zaqatalanın kəndlərində Qəhvəyi mərmər bağacığı ilə mübarizə və maarifləndirmə tədbirlərinə cəlb olunub. Rayona ezam olunan Agentlik əməkdaşları Zaqatalanın 7 kəndində monitorinq və əhali ilə birgə mübarizə tədbirləri həyata keçiriblər. Tədbirdə payız-qış mövsümündə zərərvericiyə qarşı aparılan mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, 300-dən çox bitki növü ilə qidalanan zərərverici payız dövründə fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur. AQTA-a əməkdaşları sakinlərlə birgə zərəvercinin qışlama üçün yuva saldığı yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Sakinlərlə maarifləndirici söhbətlər aparılıb və çap materialları təqdim ediblər. Yerli icra hakimiyyəti və icra nümayəndəlikləri tədbirlərə dəstək veriblər. Qeyd olunub ki, yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir. Beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığı ilə mübarizədə mexaniki üsuldan geniş istifadə olunduğu vurğulanıb. Bura aldadıcı tələlər, süni yaradılmış sığınacaq yerləri daxildir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan da hazırlanır. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər. Əlaqədar dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və vətəndaşların birgə fəaliyyəti nəticəsində bu zərərverici təhlükəsi minimuma endiriləcək. Hər bir vətəndaşımızın bu prosesdə fəal iştirakı böyük əhəmiyyət daşıyır.
Xaçmazın 5 kəndində zərərvericiyə qarşı maarifləndirmə tədbiri keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Dədəli, Baraxum, Sabiroba, Bostancı və Palıdlı kəndlərinin sakinləri ilə Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə dair maarifləndirici görüşlər keçirilib. Sakinlərə zərərvericinin bitkilərə və kənd təsərrüfatına vurduğu ziyan, eləcə də payız-qış mövsümündə aparılmalı mexaniki mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.
Fumiqasiya - bitki və bitkiçilik məhsullarının zərərvericilərdən təmizlənməsi
Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri, karantin nəzarətində olan bitki və bitkiçilik məhsullarının zərərvericilərdən təmizlənməsi məqsədilə qaz və buxar halında olan kimyəvi maddələr vasitəsilə həyata keçirilən prosesdir. Bu tədbirlər əsasən xüsusi hazırlanmış bərk formalı tabletlər və ya maye halında olan fumiqant preparatlarının tətbiqi ilə aparılır. Fumiqasiya yalnız müvafiq hazırlıq keçmiş mütəxəssislər tərəfindən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fumiqasiya dəstəsi tərəfindən həyata keçirilir. Bu tədbirlərə nəzarət isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təmin olunur. Fitosanitar tələblərə uyğun olaraq, fumiqasiya idxal-ixrac əməliyyatları zamanı məhsulların beynəlxalq tələblərə uyğun zərərsizləşdirilməsini təmin etmək məqsədilə icra olunur. Eyni zamanda, bu tədbirlər daxili daşınma zamanı, saxlama anbarlarında, topdan və pərakəndə satış məntəqələrində də aparıla bilər. Fumiqasiya tədbirləri Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) çərçivəsində qəbul edilmiş ISPM 15 – “Taxta qablaşdırma materiallarının beynəlxalq ticarətdə tənzimlənməsi” beynəlxalq fitosanitar standartına əsaslanır.
Giriş