Qəhvəyi mərmər bağacığına qarşı mübarizənin səmərəli təşkili üçün “Qaynar xətt” fəaliyyətə başlayıb
19 Yanvar 2023 17:59
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə yaradılmış Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar xətt” fəaliyyətə başlayıb.
Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatları ala bilərlər:
+994 99 708 85 88 (Qərb rayonları üzrə)
+994 99 308 85 88 (Şimal qərb rayonları üzrə)
088-588 (Aqrar Xidmətlər Agentliyi)
Qeyd edək ki, bölgələrdə Qəhvəyi Mərmər Bağacığı ilə bağlı müşahidələr davam etdirilir. Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şəki regional bölməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki refional idarəsinin əməkdaşları Balakən, Zaqatala, Qax, Qazax və Ağstafa rayonlarında kənd təsərrüfatı bitkiləri və təbii flora üçün təhlükəli hesab edilən qəhvəyi mərmər bağacığının qışlama yerlərində müşahidə tədbirləri həyata keçirib, yerli sakinlər maarifləndirilib, zərərverici haqqında məlumatları özündə əks etdirən bukletlər paylayıblar.
Mərmər bağacığı qəhvəyi rəngdədir. Önkürəkcik, qalxan və baş hissələrində açıq rəngli və tünd rəngli ləkələrin növbələşməsi vizual mərmər şəklini yaradır ki, bağacığın adı buradan qəbul edilib.
Bağacığın yetkin fərdləri daha çox insanların yaşadığı binalarda və digər tikili sığınacaqlarda qışlamağa üstünlük verirlər. Bir evdə bir neçə min bağacıq yığıla bilər. İnsanlar üçün heç bir zərərliliyi yoxdur, toxunduqda xoşagəlməz qoxu ifraz edir. Yazda bağacıqlar aprel ayının axırına yaxın qışlama yerini tərk etdikdən sonra 1–2 həftə müddətində qidalandıqdan sonra dişi fərdlər bir neçə dəfə yumurta qoyma yerinə yetirirlər. Yumurtalarını (1,3-1,6 mm ölçüdə), yarpaqların aşağı hissəsinə ağ şaraoxşar topa şəklində (25–30 ədəd) qoyurlar.
Mərmər bağacığına qarşı kimyəvi mübarizədə təsiredici maddəsi sintetik piretroitlərə aid Alpha cypermethrin, Lambda-cyhalothrin, Bifenthrin və Neonikotinoidlərə aid İmidacloprid, Thiacloprid, Thiamethoxam olan insektisidlərin istifadə olunması yüksək bioloji səmərəni təmin edir.
Evlərdə, tikililərdə müşahidə edilən qəhvəyi mərmər bağacıqları mexaniki yolla (əllə və digər vasitələrlə) yığılaraq məhv edilir.
Regional Əlqələndirmə Mərkəzi vətəndaşlara yaşayış yerlərində, əkin sahələrində və digər yerlərdə zərərvericiyə rast gəldikdə qeyd olunan “Qaynar xətt” nömrələrinə zəng etmək tövsiyə olunur.
Oxşar xəbərlər

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Onlayn formatda keçirilən görüşdə son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya daxil olan müvafiq bildirişlər barədə sahibkarlara məlumat verilib. Qeyd olunub ki, məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi dayandırılıb və hazırda həmin təsərrüfatlarda monitorinqlər həyata keçirilməkdədir. Görüşdə ixrac zamanı beynəlxalq ticarət qaydalarına və məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməsi, eyni zamanda təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi və qanunvericiliyin tələbləri bir daha sahibkarların diqqətinə çatdırılıb. Sonda sahibkarların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

AQTA bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib
Son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya müvafiq bildirişlər daxil olub. Məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi Agentlik tərəfindən dayandırılıb, həmin təsərrüfatlarda monitorinqlərə başlanılıb. AQTA bununla bağlı bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, ixrac zamanı məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir. Sahibkarlar bununla bağlı hər hansı peşəkar dəstək və metodiki köməklik üçün AQTA-nın 1003 “Çağrı Mərkəzi” və ya 012-377-00-77 (daxili 238, 215) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Salyan rayonunun Yolüstü kəndində yerləşən, Abuzərov Arif Safalı oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı obyektdə ümumi çəkisi 1359.8 kq və 297.15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb. Eyni zamanda məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilib, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.