Qızılı kartof nematodu nədir?
20 İyun 2025 12:42

Nematodlar – torpaqda yaşayan mikroskopik qurdlardır və onların bəzi növləri kənd təsərrüfatı bitkiləri üçün təhlükəli hesab olunur. Bu zərərli orqanizmlər bitkilərin kök sisteminə daxil olaraq qidalanmanı və inkişafı pozur, nəticədə məhsuldarlıq azalır. Nematodlarla yoluxmuş sahələrdə məhsul itkisi, əlavə mübarizə xərcləri və torpağın keyfiyyətinin zəifləməsi müşahidə edilir.
Nematodlar arasında ən təhlükəli növlərdən biri olan Qızılı kartof nematodu (Globodera rostochiensis (Woll.) Behrens) kartof əkini üçün xüsusi risk daşıyır. Bu nematod torpaqda uzun müddət aktiv qala bilir və bitkinin kök zonasına yerləşərək onun normal inkişafını zəiflədir. Yoluxmuş sahələrdə kartof bitkilərinin inkişafında zəifləmə, yarpaqlarda solma, yumruların say və ölçüsündə azalma və məhsulun bazar keyfiyyətində nəzərəçarpacaq enmə müşahidə olunur.
Qızılı kartof nematodu birbaşa kartof yumrusuna daxil olmur. Lakin kök, kökə bitişik torpaq, həmçinin yumru səthinə yapışmış torpaq vasitəsilə bir sahədən digərinə yayıla bilər. Buna görə də onun aşkarlanması üçün vizual baxış kifayət etmir, bitkinin kökü və torpaq nümunələrinin laborator analizləri tələb olunur.
Bu zərərli orqanizm “Azərbaycan Respublikası ərazisində məhdud dairədə yayılmış karantin tətbiq edilən zərərli orqanizmlər” (A2 qrupu) siyahısına daxildir və yayılmasının qarşısı dövlət fitosanitar nəzarəti tədbirləri çərçivəsində alınır.
AQTA kartof istehsalçılarına və təsərrüfat subyektlərinə fitosanitar tələblərə ciddi əməl etməyi tövsiyə edir:
• Yalnız sertifikatlaşdırılmış, sağlam və nematoddan azad toxum materialı istifadə edilməlidir;
• Kənd təsərrüfatı texnikası bir sahədən digərinə keçirilərkən üzərindəki torpaq və bitki qalıqları təmizlənməli, zəruri hallarda isə yuyulmalıdır;
• Növbəli əkin sisteminə riayət olunmalı, kartof eyni sahədə ardıcıl şəkildə əkilməməlidir;
• Şübhəli hal müşahidə edildikdə, AQTİ-nin müvafiq laboratoriyasına müraciət edilməlidir.
Bu kimi tədbirlərə əməl edilməklə həm kartof istehsalının qorunmasına, həm də ölkənin fitosanitar təhlükəsizliyinin təmin edilməsinə töhfə verilə bilər.
